Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Təhsildə inkişaf və innovasiyalar” üzrə qrant müsabiqəsinin qalibi Şərur şəhər 1 nömrəli tam orta məktəbin direktor əvəzi Əli Mehdiyev olub.
Şərur Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilən qrant müsabiqəsində prioritet sahələr nəzərə alınıb, müsabiqə 2 kateqoriya – ümumtəhsil müəssisələri və fərdi layihələr üzrə keçirilib.
Bu müsabiqədə Şərur şəhər 1 nömrəli tam orta məktəbin adından direktor əvəzi Əli Mehdiyev iştirak edərək “Məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi” layihəsi ilə qalib olub. Layihə rəhbəri Əli Mehdiyev tərəfindən sentyabr ayının 22-dən başlayaraq rayonun müxtəlif ümumtəhsil məktəblərində seminar-treninqlər təşkil edilib. İştirakçılar təlim materialları və metodik vəsaitlərlə təmin olunublar. Məlumat üçün bildirək ki, seminar-treninqlər dekabr ayının 22-dək davam edəcək.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili ilə bağlı, ümumilikdə, 10 mövzu üzrə keçirilib.
Ümumtəhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumtəhsil müəssisəsinin iştirak etmək hüququ vardır. İbtidai və orta ümumtəhsil müəssisələrinin yalnız tam orta ümumtəhsil müəssisələri ilə birgə layihə verməsi mümkündür. Fərdi layihə kateqoriyası üzrə müsabiqədə iştirak üçün bütün ümumtəhsil müəssisələrində işləyən pedaqoji işçilər layihə təqdim edə bilərlər.
Nail ƏSGƏROV