Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi tərəfindən Milli Dirçəliş Günü ilə bağlı tədbir təşkil edilib. Tədbir başlanmazdan əvvəl mərkəzin dərnək üzvlərinin ifasında Dövlət Himni səsləndirilib. Aparıcı, mərkəzin dərnək rəhbəri Təranə Mirzəyeva tədbirin əhəmiyyətindən bəhs edib.
Videoslaydların da nümayiş olunduğu tədbirdə Estetik Tərbiyə Mərkəzinin direktoru Toğrul Həsənov, Heydər Əliyev adına tam orta məktəbin direktor müavini Arzu Həziyeva, mərkəzin metodisti Rahilə Əliyeva çıxış ediblər. Bildirilib ki, noyabr ayının 17-si hər il ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqın tarixi yaddaşının özünə qayıtması, milli dirçəlişə nail olunması böyük bir tarixi prosesin nəticəsidir.
Vurğulanıb ki, milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanıb. Əslində isə Azərbaycan xalqının milli dirçəlişinin əsası ötən əsrin 70-80-ci illərində qoyulub. O dövrdə ulu öndər Heydər Əliyevin xalqın milli şüurunun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlər ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının öz milli suverenliyini təmin etmək üçün mübarizəyə başlamasını şərtləndirib.
Sonra mərkəzin dərnək üzvlərinin ifasında şeirlər bədii qiraət olunub, mahnı və rəqslər ifa edilib.
Nail ƏSGƏROV