23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu Culfa rayon “Karbon Qazı Zavodu” MMC ilə birgə keçirilən konfransı Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov açıb.

Bildirib ki, Naxçıvan Muxtar Respublikasında 250-dən artıq mineral su yatağı mövcuddur. Alim ionların sirli birləşməsindən əmələ gələn və onlarla dərman preparatlarını əvəz edən şəfalı mineral sulardan içməli su təchizatında və təsərrüfatda, sənayedə və müalicəvi məqsədlər üçün geniş istifadə olunduğunu bildirib. Qeyd edib ki, “mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanın mineral su bulaqları içərisində Darıdağ termal suyu, tərkibindəki karbon qazı, bor, dəmir, arsenin miqdarına və debitinə görə seçilir.
Konfransda institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Darıdağ arsenli mineral suyu haqqında”, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Əhməd Qarayev “Karbon qazının sənaye üsulu ilə alınması metodları” və kimya elmləri doktoru Bayram Rzayev “Karbon qazının tətbiq sahələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Məlumat verilib ki, karbon qazının hər üç aqreqat halından – bərk halda, quru buz şəklində, qaz və maye halından təsərrüfatın müxtəlif sahələrində geniş istifadə edilir. Bura qida məhsullarının və tibdə bir sıra dərman preparatlarının saxlanması və daşınması, maşın-­mexanizmlərin təmizlənməsi, süfrə suları və müalicəvi suların qazlaşdırılması, odsöndürmə işləri, kimyəvi xammal istehsalı və digərləri daxildir. Qeyd olunub ki, vanna qəbulu şəklində Darı­dağ suyu müxtəlif ürək-damar, oynaq, əsəb sistemi, dəri və bir çox xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Bu su Fransadakı Lya-Burbul, Polşadakı Kudovi, Saxalindəki Sineqorsk sularının analoqudur. Lakin tərkibindəki mineral duzların miqdarına görə Darıdağ suyu öz analoqlarından üstündür.
Tədbirin sonunda “Karbon Qazı Zavodu” MMC-nin direktoru Elman Seyidov alim və mütəxəssisləri zavodun iş prosesi ilə yaxından tanış edib. Qeyd edib ki, 1980-ci ildə Darıdağ termal su quyusundan 2650 metr boru xətti ilə gətirilən spontan karbon qazı əsasında maye karbon qazı istehsal edən sex inşa edilib. 2008-ci ilin dekabr ayından isə “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR