Türkiyə Cümhuriyyəti Başbakanlığı Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi və Girəsun Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Girəsun şəhərində “II Beynəxalq demokratiya simpoziumu: imperializm, hegemoniya və təhlükəsizlik fəaliyyətləri” adlı beynəlxalq elmi simpozium keçirilib. Türkiyə, Rumıniya, İran, İraq və digər ölkələrin tanınmış alimlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı üç elm xadimi təmsil edib. Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli elmi simpoziumda “Sovet Rusiyasının imperialist siyasətində xalqların öz müqəddəratını təyin etməsi prinsipi və Cənubi Qafqazda muxtar dövlət qurumlarının yaradılması” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, 1920-ci illərdə Cənubi Qafqazda yaradılmış 5 ərazi muxtariyyətindən 2-si – Naxçıvan və Acarıstan Muxtar respublikaları tərkibində olduqları dövlətlərin, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü təmin etmək üçün 1921-ci il Moskva və Qars müqavilələrinin şərtlərinə uyğun olaraq yaradılıb. Lakin keçmiş muxtariyyət olan Dağlıq Qarabağ imperialist məqsədlər naminə “parçala və hökm sür!” siyasətinə uyğun olaraq təşkil edilib. Belə ki, Qərbi Azərbaycan torpaqlarında 1918-ci ildə erməni dövləti yaradılmasına baxmayaraq, bu dövlətdən 10 kilometrdən də az məsafədə yenə Azərbaycan torpaqlarının bir hissəsində – Dağlıq Qarabağda ermənilərə öz müqəddəratını təyinetmə hüququ verilib. Bununla gələcəkdə milli münaqişənin yaradılmasına zəmin hazırlanıb.
Müzakirələrdə Elman Cəfərlinin slaydlarla birlikdə təqdim etdiyi məruzə orijinallığı və aktuallığı ilə seçilib, müəllifin elmi məqaləsinin simpozium materiallarında dərc edilməsi tövsiyə olunub.
Qeyd edək ki, simpoziumda müxtəlif ölkələrdən göndərilmiş 100-dən çox elmi məqalədən 49 müəllifin 45 məqaləsi müzakirə olunmaq hüququ qazanıb.
Xəbərlər şöbəsi