Ölkəmizdə, o cümlədən muxtar respublikamızda elmin inkişafına daimdiqqət və qayğı göstərilir. Bunu Naxçıvanda elmin mərkəzi məbədgahına çevrilən AMЕA Naxçıvan Bölməsinin timsalında da görmək olar.
Bunun nəticəsidir ki, bölmənin elmi-tədqiqat institutları fəaliyyətini günün tələbləri səviyyəsində quraraq elmin inkişafına böyük töhfələr vermək üçün öz səylərini davam etdirirlər. Yola salmağa hazırlaşdığımız 2017-ci il də bölmə üçün uğurlu olub.
Bölmənin fəaliyyətini xarakterizə edən başlıca göstərici kimi nəşr edilən elmi əsərləri göstərmək olar. Cari ildə bölmə əməkdaşlarının 767 elmi əsəri işıq üzü görüb. Onlardan 165-i xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 45-i impakt faktorlu jurnallarda, o cümlədən 10-u Thomson Reuters İnstitutu tərəfindən müəyyən olunan jurnallarda çap edilib.
Bölmə əməkdaşlarının 5 monoqrafiyası, 8 kitabı və 277 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub. Bundan əlavə, bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları bir patent alıb, 5 patent hazırlayaraq aid qurumlara təqdim edib. Onu da qeyd edək ki, bölmədə yerinə yetirilən iki qrant layihəsinə yekun vurulub.
Fransanın Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçərək beynəlxalq kod almış və iki seriyada (ictimai və humanitar, təbiət və texniki elmlər seriyaları) ildə dörd dəfə nəşr olunan “Xəbərlər” jurnalının 50-ci,“Axtarışlar” jurnalının isə 26-cı nömrəsi çapdan çıxıb.
Hesabat dövründə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsi ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası, həmçinin Əlyazmalar Fondu ilə AMEA-nın Əlyazmalar İnstitutu arasında elmi əməkdaşlığa dair müqavilələr imzalanıb, müştərək işlər görülüb.
Bölmənin 36 əməkdaşı müxtəlif respublika əhəmiyyətli və beynəlxalq simpozium, konfrans və tədbirlərdə məruzələrlə çıxış edib. Bölmə ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında müxtəlif mövzularda interaktiv açıq dərslər təşkil olunub.
Yaradılan tədqiqat qrupu tərəfindən 460 səhifədən ibarət olan “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas hazırlanaraq üç dildə nəşr olunub. “Qarabağlar Türbə Kompleksi” məqalələr toplusu da üç dildə çapa təqdim edilib. Hazırda AMEA-nın Coğrafiya İnstitutu ilə birgə “Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi və Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar AMEA-nın Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birgə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” albom-kataloqu və “İslamda müdrik kəlamlar” kitabları hazırlanıb çap olunub. Hazırda “Naxçıvan imamzadələri”, “Naxçıvan kəhrizləri”, “Naxçıvan hamamları” kitabçaları hazırlanır.
AMEA Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi 2017-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası mükafatına, həmçinin AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülüb.
Ötən dövr ərzində elmi əməkdaşlardan kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinə üzv seçilib, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtiraçılıq sahəsində nailiyyətlərə görə IV respublika müsabiqəsində yer tutub və mükafatlandırılıb. Bölmə əməkdaşlarından bir qrupu müxtəlif mükafatlar, diplom və fəxri fərmanlarla təltif ediliblər.
2018-ci il AMEA-nın Naxçıvan Bölməsi üçün “İnkişaf ili” elan edilib. Yaradılan şəraitin, göstərilən dövlət qayğısının nəticəsində kollektiv yeni ildə də yeni-yeni uğurlara müvəffəq olmağı qarşısına məqsəd qoyub.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi