23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin əməkdaşları 2011-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqələr yolu ilə həyata keçirdiyi qrant layihələrində iştirak edirlər. Əməkdaşlar Azərbaycan elminin inkişafına dəstək verən Fondun qrant müsabiqələrində elmin müxtəlif istiqamətləri üzrə 16 qrant layihəsinin qalibi olublar. Məlumat üçün qeyd edək ki, ötən il qalib olan qrant layihələri çərçivəsində 3 monoqrafiya işıq üzü görüb.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova da fondun qrant müsabiqələrində iştirak edən gənc alimlərdən biridir. Onun təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilik izolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənilməsi” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Uğurlu layihələr bölməsində yer alıb.

Həmin layihənin əsas qayəsi Naxçıvan Muxtar Respublikasının ərazisində olan mineral xammal əsasında tətbiqi mürəkkəb olmayan texnoloji metodlardan istifadə etməklə, elmi baxımdan əsaslandırılmış yeni xassəli materiallar almaqdır. Qeyd edək ki, layihədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbii alümosilikat yataqlarından əldə olunmuş alümosilikatlardan yeni sistemlər təklif olunub və onlar əsasında sintetik seolitlər alınıb. Müasir dövrdə də asan alınan materiallar daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan mineral xammal əsasında alınan və alına biləcək yeni xassəli seolitlər, istilik izolyasiya materialları perspektivli sayıla bilər. Həmin seolitlər və istilik izolyasiya materialları sənayenin müxtəlif sahələrində – neft-kimya sənayesində, kənd təsərrüfatında və digər sahələrdə istifadə oluna bilər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR