23 Dekabr 2024, Bazar ertəsi

Cari tədris ilində göstəricilər daha yüksək olacaq

Ümummilli liderimiz Heydər Əliyev təhsilə, bu strateji sahənin inkişafına xüsusi əhəmiyyət verərək deyirdi: “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”. Bu qənaəti muxtar respublikanın təhsil işçiləri dərindən dərk edir, təhsilin inkişafı məqsədilə imzalanmış dövlət proqramlarından, digər normativ-hüquqi sənədlərdən irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsinə çalışırlar. Bu gün hərtərəfli dövlət qayğısının ifadəsidir ki, məktəblərin kompüterlərlə, elektron lövhələrlə, müasir avadanlıqlarla təminatı öz müsbət həllini tapıb. Göstərilən diqqət və qayğı sayəsində milli təhsilimizin inkişafı üçün hüquqi baza ilə yanaşı, təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının da yenidən qurulmasına xüsusi önəm verilib.

Culfa Rayon Təhsil Şöbəsi və onun əhatə etdiyi təhsil müəssisələri də işlərini bu istiqamətdə qurublar. Bunun da nəticəsində təhsilin məzmunu yenilənib, keyfiyyəti yüksəlib, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib.
Son illər müasir tələblərə cavab verən 22 yeni məktəb binası, 5 məktəbdənkənar təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Ötən tədris ilində Saltaq kəndində 306, Gülüstan kəndində 156 yerlik məktəb binaları öz qapılarını müəllim və şagirdlərin üzünə açıb. Xanəgah kənd tam orta məktəbi isə əsaslı təmir edilib. Hazır­da Dizə kəndində 216 şagird yerlik məktəb binasında son tamam­lama işləri aparılır.

Rayonun ümumtəhsil məktəblərinə 74 ədəd elektron lövhə, 441 ədəd kompüter dəsti, 21 ədəd printer verilərək 36 kompüter otağı yaradılıb, kompüterlərin böyük əksəriyyəti internet şəbəkəsinə qoşulub. Bu, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarının sirlərinə yiyələnməsində və onlardan istifadəsində mühüm rol oynayır. Elektron tədris sisteminin tətbiq edilməsi mütərəqqi təhsil metodlarından istifadəyə və dərslərin inter­aktiv formada keçilməsinə imkan verir.
Qazanılan uğurları ali məktəblərə qəbulun nəticələrindən də görmək olar. XI sinfi bitirən 373 məzundan 257 nəfəri müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Ali məktəblərə qəbul imtahanının I mərhələsində 129 məzun müəyyən edilmiş balı keçib, 19 nəfər isə 500-700 arasında bal toplayıb. Onlardan Yaycı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Əli Əsgərov I ixtisas qrupu üzrə 690, Yaycı kənd 2 nömrəli tam orta məktəbin şagirdi Novruz Nəcəfli IV ixtisas qrupu üzrə 685 balla ali məktəb tələbəsi adını qazanıb.
Ali məktəblərə qəbul imtahanlarının II mərhələsində isə 32-si 500-700 intervalında bal toplamaqla, 165 abituriyent müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə qəbul olunub.
Tədris prosesinin ən mühüm sahələrindən biri fənn olimpiadalarının keçirilməsidir ki, bu da diqqətdə saxlanılıb. Bu məqsədlə rayonda “Olimpiada hazırlıq mərkəzi” yaradılıb. Mərkəzə təcrübəli müəllimlər cəlb ediliblər.
Ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında Azərbaycan dili, xarici dil, fizika, kimya, biologiya fənləri üzrə keçirilən olimpiadanın muxtar respublika mərhələsində rayonun ümumtəhsil məktəblərindən 11 nəfər 4 fənn üzrə I-III yerləri tutub.
2016-2017-ci tədris ilində III-VIII siniflər üzrə 9, IX-XI siniflər üzrə 8 test-sınaq imtahanı keçirilib. Sınaq imtahanlarının nəticələri məktəb rəhbərlərinin, valideynlərin iştirakı ilə müzakirə edilib, zəif nəticə göstərən şagirdlərin fənn müəllimlərinə qarşı tələbkarlığı artırılıb, həmin şagirdlər əlavə məşğələlərə cəlb olunublar.
Tədrisin səviyyəsinin yüksəldilməsində məktəbdənkənar və sinifdənxaric tədbirlər məktəb işinin əsasını təşkil edir. Bunu dərindən dərk edən pedaqoji kollektivlər təlim prosesində verilmiş biliklərin daha da zənginləşdirilməsinə nail olmaq üçün belə tədbirlərin keçirilməsinə ciddi önəm verirlər. Xüsusilə də əlamətdar və tarixi günlər münasibətilə təşkil olunan tədbirlərdə şagirdlərin həm də kollektivçilik ruhunda tərbiyəsi ön plana çəkilir.
Ötən dərs ilində rayonun bütün məktəblərində ümummilli liderimiz Heydər Əliyevin doğum və anım günləri yüksək səviyyədə qeyd olunub, sərgilər təşkil edilib, şeir, inşa, rəsm müsabiqələri keçirilib, bu müsabiqələrdə fərqlənən şagirdlər mükafatlandırılıblar.
Müxtəlif idman yarışlarına cəlb edilən məktəblilər onlara göstərilən etimadı doğruldublar. Şagirdlərin dünyagörüşünün zənginləşdirilməsi, milli kökə qayıdış, onların nitq mədəniyyətinin formalaşdırılması, mütaliəyə marağın gücləndirilməsi məqsədilə məktəb kitabxanalarında oxunması zəruri olan kitablardan ibarət sərgilərin təşkili, kitabların müzakirəsi də həyata keçirilən tədbirlər sırasındadır.
Rayonun ümumtəhsil məktəblərində öz işini günün tələbləri səviyyəsində quran müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Onlardan 6-sı Azərbaycan Respublikasının, 8-i Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. 6 müəllim “Tərəqqi” medalı ilə təltif olunub. 5 müəllim “İlin müəllimi” müsabiqəsinin qalibidir.
Rayonun pedaqoji kollektivləri ötən dərs ilində qazanılan uğurlarla kifayətlənmir, yeni dərs ilində daha yüksək nəticələrə nail olmaq üçün səy və bacarıqlarını əsirgəmirlər. Bunun üçün məktəblərdə yaradılmış hərtərəfli şərait yetərincədir. Onu da qeyd edək ki, cari tədris ilində rayonun ucqar dağ və sərhəd kənd­lərində fəaliyyət göstərən məktəblərə təhsil yarmarkasından 34 gənc müəllim göndərilib. Onlar çalışdıqları Milax, Əlincə, Əbrəqunus, Teyvaz və digər ucqar kənd tam orta məktəblərində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə səy göstərir, yaşlı müəllimlərin təcrübəsindən yararlanırlar.
Rayonun təhsil işçiləri əsl vətənpərvər, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq, yüksək intellektual səviyyəli məzunlar yetişdirmək üçün 2017-2018-ci tədris ilinə uğurla başlayıblar. İnanırıq ki, cari dərs ilinin yekunları rayonun təhsil tarixinə yeni nailiyyətlər yazacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR