23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunda öz uğurları ilə seçilən çox sayda təhsil ocağı vardır. Onlardan biri də Şərur şəhər 1 nömrəli tam orta məktəbdir.
Məktəblə tanışlıq zamanı məlum oldu ki, adıçəkilən təhsil ocağı 1963-cü ildən fəaliyyət göstərir. Məktəbin direktor əvəzi Əli Mehdiyev bildirdi ki, muxtar respublikada təhsilə göstərilən qayğıdan Şərur şəhər ­ 1 nömrəli tam orta məktəbə də pay düşüb. Belə ki, 2010-cu ilin yanvar ayında məktəb binası yenidənqurmadan sonra müəllim və şagirdlərin istifadəsinə verilib. 738 şagird yerlik 3 mərtəbəli məktəb binasında fizika və kimya laboratoriyaları, elektron lövhəli siniflər, kompüter otaqları, kitabxana, hərbi kabinə və idman zalı vardır. Məktəbin həyətində müxtəlif idman qurğuları quraşdırılıb. Burada fəaliyyət göstərən şahmat otaqlarında uşaq və yeniyetmələrin zəka idmanı ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Müasir idman zalında şagirdlər müxtəlif idman növləri ilə məşğul olur, fiziki sağlamlıqlarını möhkəmləndirirlər. Onların idman yarışlarında yüksək nəticələr əldə etmələri də yaradılan şəraitin bəhrəsidir. Təhsil ocağının hərbi kabinəsi bu gün şagirdlərin ən çox üz tutduğu ünvanlardandır. Burada şagirdlərin hərbi hazır­lığın ilkin sirlərinə yiyələnmələri üçün bütün imkanlar mövcuddur.

Məktəbin kitabxana fondunda 11 min 38 kitab vardır. Kitabxanaçı Rəsmiyyə Salmanova bildirdi ki, təhsil ocağının binası əsaslı şəkildə yenidən qurulub istifadəyə verildikdən sonra şagirdlər arasında mütaliəyə maraq xeyli artıb. Kitabxananın daha çox bədii ədəbiyyatlarla zənginləşməsi bu marağı yaradan əsas amildir. Gün ərzində onlarla şagird kitabxananın xidmətlərindən yararlanır. Muxtar respublika rəhbərinin 2017-ci il avqustun 28-də imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın kitabxana işinin də inkişafına böyük təkan verdiyini vurğulayan həmsöhbətim onu da bildirdi ki, bu mütərəqqi addım, ümumilikdə, mütaliəsevərlərə göstərilən ən düzgün istiqamətdir. Kitabxanada siyahıda yer alan kitablardan ibarət guşə yaradılıb, bu kitabların mütaliəsi təmin olunub.
Fizika və kimya laboratoriyaları müasir və zəngin avadanlıqları ilə diqqəti cəlb edir. Burada yaradılan şərait şagirdlərin fizika və kimya dərslərini praktik şəkildə öyrənmələrinə xidmət edir. Məktəbin müəllimləri sinifdənxaric məşğələlərin, bilik yarışlarının keçirilməsinə də xüsusi önəm verirlər. Təhsil ocağında təşkil edilən müxtəlif viktorinalar, bilik yarışları, müsabiqələr şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Bu təhsil ocağında təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və in­teraktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verib. Məktəbdə 36 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflər isə keçilən dərslərin əyaniliyini təmin edib. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin videogörüntülər vasitəsilə izahını müxtəlif cihazların, qurğuların, texniki vasitələrin iş prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu da, təbii ki, tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir. Yaradılan imkanlar məktəbdə təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Qəbul imtahanlarında bu təhsil müəssisəsinin uğurlu nəticələr göstərməsi də bunu sübut edir. Belə ki, ötən dərs ilində məktəbin 21 məzunu olub. Onlardan 15 nəfəri imtahanlarda yüksək nəticə göstərərək tələbə adını qazanıb. Həmin şagirdlərdən 3 nəfəri 500-700 intervalında bal toplayaraq ölkəmizin, eləcə də muxtar respublikamızın ali məktəblərinə qəbul olunublar.
Məktəbdə hər birində 15 uşaq olmaqla, 2 məktəbəhazırlıq qrupu da fəaliyyət göstərir. Məşğələni aparan Turan Novruzova bildirdi ki, həftənin 4 günü ərzində təşkil edilən məktəbəhazırlıq qruplarında məşğələlərin keyfiyyətli təşkili üçün lazımi şərait var. Dövlətimiz tərəfindən əyani vəsaitlər müəllim və uşaqların ixtiyarına verilib.
Sözsüz ki, hər bir təhsil ocağının uğuru peşəkar müəllim kollektivindən çox asılıdır. Bu məktəbin qazandığı nailiyyətlərdə müəllim təcrübəsi, pedaqoq əməyi danılmaz amil kimi diqqəti çəkir. Hazırda təhsil ocağında 376 şagirdin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur. Məktəbdə dərsdən sonrakı müddətdə fakültativ məşğələlərin effektiv olmasına da xüsusi diqqət yetirilib. Təhsil müəssisəsinin pedaqoji kollektivi müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərir, yeni metodlardan istifadəyə üstünlük verirlər. Kurikulumun tətbiqi ilə bağlı bir sıra işlər həyata keçirilir.
Məktəbin ibtidai sinif müəllimlərindən Nailə Mahmudova ilə söhbət zamanı bildirdi ki, çalışdığı təhsil ocağında hər bir müəllim öz üzərinə düşən vəzifəni dərindən dərk edir, gələcəyimiz olan uşaqların yaxşı təhsil almaları, geniş dünyagörüşünə və hərtərəfli biliyə malik olmaları üçün əlindən gələni əsirgəmir. Daha yaxşı nəticələr əldə edilməsi üçün isə çox çalışmaq, çox səy göstərmək lazımdır.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR