23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın Təhsil Nazirliyinin məktəblilər və tələbələr arasında keçirilən inşa yazı müsabiqəsi də həmin tədbirlərin davamıdır. Ötən şənbə günü müsabiqə qaliblərinin mükafatlandırma mərasimi olub.
Tədbirdə muxtar respublikanın təhsil naziri Məmməd Qəribov çıxış edərək vurğulayıb ki, Sərəncamla təsdiq edilən “Oxunması zəruri olan kitabların Siyahısı” gənc nəslin mütailə mədəniyyətinin formalaşdırılmasına böyük töhfədir. Təsdiq olunmuş siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsi müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıyır. Zəruri ədəbiyyatın siyahısı Azərbaycançılıq dünyagörüşünün inkişaf etdirilməsi üçün də istiqamətverici imkanlara malikdir.
Diqqətə çatdırılıb ki, sərəncama uyğun olaraq təhsil müəssisələrində həmin kitablardan ibarət guşələr yaradılıb.

Nazir bildirib ki, müsabiqədə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Dövlət Texniki Kollecinin I-III kurs tələbələri iştirak ediblər. Naxçıvan şəhəri üzrə 11 nömrəli və rayon mərkəzlərindəki tam orta məktəblərdə keçirilən müsabiqədə, ümumilikdə, 33 nəfər iştirak edib.
Qeyd edilib ki, inşa yazı müsabiqəsi intellekt yarışması olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır.
Qaliblərin müəyyənləşdirilməsində əsas meyarlar inşa yazılarının məzmunlu, əhatəli olması, fikir aydınlığı və lakonikliyin gözlənilməsidir. Sevindirici haldır ki, müsabiqəyə təqdim olunan yazı işlərinin əksəriyyətində məktəblilər mövzu ilə bağlı düşüncələrini aydın və müstəqil şəkildə ifadə edə biliblər. Bu da uşaqların mütaliəli, yaradıcı olmasından, onlarda yazı mədəniyyətinin formalaşmasından xəbər verir.
Müsabiqənin nəticəsinə görə, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva birinci, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qabil Haqverdiyev və Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Anarə Həsənova ikinci, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Aysun Abazərli, Culfa rayon Saltaq kənd tam orta məktəbinin şagirdi Şəbnəm İmanova və Şahbuz rayon Qışlaq kənd tam orta məktəbinin şagirdi Nuranə Səfərli isə üçüncü yerin qalibi olublar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR