Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə ilk dəfə olaraq muxtar respublikada “Trio” intellektual oyunu keçirilib. Burada məqsəd gənclərdə intellektual oyunlara marağı artırmaqdır.
8 komandanın mübarizə apardığı və üç raunddan ibarət olan oyunda hər raund bir milli, bir xarici və bir musiqili mövzuda olmaqla, ümumilikdə, 27 sual səsləndirilib. İştirakçılar komanda şəklində hər bir sualı 1 dəqiqə ərzində müzakirə edib, cavabı yazılı formada aparıcıya təqdim ediblər.
Yekunda “Turan” komandası qalib adını qazanıb. Digər iki pillədə isə “Nuh” və “Xəzər” komandaları qərarlaşıb.
Qaliblərə və oyunda fəal iştirak edən komandalara Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları təqdim olunub.
Ceyhun MƏMMƏDOV