Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Uşaq Hüquqları Haqqında Konvensiyanın və Uşaq Hüquqları Haqqında Bəyannamənin qəbul olunduğu günlə əlaqədar olaraq “Biz qayğı ilə böyüyürük” mövzusunda şagirdlər arasında keçirilən inşa yazı müsabiqəsinin yekun tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və muxtar respublika Təhsil Nazirliyi tərəfindən IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə son mərhələdə 19 yazı təqdim olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədovanın və muxtar respublika Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənovun çıxışları olub. Çıxışlarda ölkəmizdə, eləcə də muxtar respublikamızda uşaq hüquqları sahəsində həyata keçirilən tədbirlərdən danışılıb, onların istedadlarını, bacarıqlarını üzə çıxarmaq, dünyagörüşünü düzgün formalaşdırmaq, vətənpərvər ruhda yetişdirmək istiqamətində görülən işlərdən, bu sahədə qəbul olunan dövlət proqramlarının əhəmiyyətindən bəhs edilib.
Qeyd edilib ki, qaliblərin müəyyənləşdirilməsində əsas meyarlar inşa yazıların məzmunlu, əhatəli olması, fikir aydınlığı və lakonikliyin qorunmasıdır. Sevindirici haldır ki, müsabiqəyə təqdim olunan yazı işlərinin əksəriyyətində məktəblilər mövzu ilə bağlı düşüncələrini aydın və müstəqil şəkildə ifadə edə biliblər. Bu da uşaqların mütaliəli, yaradıcı olmasından onlarda yazı mədəniyyətinin formalaşmasından xəbər verir.
Müsabiqənin nəticəsinə görə Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gülnar Səlimli I yerə layiq görülüb. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ayxan Ələkbərov II, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Aytəkin Bağırova III yeri tutublar.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Ramiyyə ƏKBƏROVA