Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Naxçıvanın dünya miqyasında tanınan özünəməxsus sərvəti olan duza, Duz dağına, duz mədənlərinə həsr olunmuş “Duzdağ mozaikası” kitabı işıq üzü görüb. Bakıda “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə və dizaynla nəşr olunan 308 səhifəlik kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
“Dövlətçilik işığında”, “Bir yüngülvari müqəddimə”, “Tarixi mənbələrdə Duzdağ”, “Duzdağ araşdırmaları”, “Dünyanın Duzdağı”, “Duzdağ odası” və “Duzdağ mozaikası – danışan şəkillər” adlı yeddi bölmədən ibarət olan kitab Naxçıvandakı Duzdağ ilə hərtərəfli tanışlıq üçün böyük məlumat bazası ilə diqqəti cəlb edir. Bu cür zəhmət tələb edən bir nəşrin ortaya çıxması həm də vətəndaşlıq mövqeyinin elmi ifadəsi kimi səciyyəvidir.
Kitabın “Dövlətçilik işığında” adlı bölməsi ilə tanışlıq belə əhəmiyyətli nəşrin yazılma səbəbi haqqında kifayət qədər məlumat verir. Kitabın girişində xalqımızın ümummilli lideri Heydər Əliyevin aşağıdakı fikirləri özünə yer tapıb: “Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbiətidir. Azərbaycanın hər yerində gözəl guşə tapmaq olar. Haraya gedirsən, Azərbaycan gözəl bir yerdir. Amma mən bu gün Naxçıvandayam və Naxçıvan haqqında danışıram. Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Bax, ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar, – burada yaşıllıq azdır, – bu, diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik, yenə də deyirəm, qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi insanlar da məğrurdur”.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu fikirləri də kitabın əvvəlində yer alıb: “Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Hələ Nuh-Nəbi dövründən burada duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz yolu uzanırdı. Həmin ölkələrə buradan duz daşınırdı. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında, dağında, daşında tarixin sirli, sehrli izləri gizlənmişdir”.
Bildiyimiz kimi, 2012-ci ilin iyul ayında Naxçıvan şəhərində “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda elmi konfransın keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 aprel tarixli Sərəncamı nəinki Naxçıvanın, eləcə də Duzdağın bir çox cəhətdən elmi dövriyyəyə daxil edilməsində mühüm rol oynayıb. Məhz elə həmin Sərəncamda deyilən aşağıdakı fikirlər Duzdağın böyük mədəniyyətin formalaşmasındakı rolunu ortaya qoyur: “Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən mühüm amillərdən biri də son illər aşkara çıxarılan və elmi-tədqiqata cəlb olunan Naxçıvan Duzdağ mədəniyyətidir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 3-cü minillikdən bu proses daha da geniş miqyas almış, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır”.
Ötən aylarda isə, daha dəqiq ifadə etsək, 2017-ci il 12 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzaladı. Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə imzalanan bu Sərəncam akademiki qısa zaman ərzində operativ tədqiqatlara sövq edib. Bunu biz “Bir yüngülvari müqəddimə” bölməsindəki “Duzdağ: Nuhdabandan Naxçıvana” məqaləsində açıq-aydın müşahidə edirik. İsa Həbibbəyli həmin məqaləsində bildirir ki, “Duz da od və su kimi, geniş mənada, insanlığın formalaşmasında iştirak edən əsas amillərdən biridir... Duzun kəşf olunması ilə insanlıq mədəni həyat tərzinə qədəm qoymuşdur. Duzun kəşfi ibtidai insan birliklərinin oturaq mədəni həyata keçidinin inqilabıdır. Naxçıvan Duzdağı yer üzündəki ən qədim duzun məskənlərindən biridir. Mənbələrdə Naxçıvan Duzdağının Nuh Peyğəmbər tərəfindən aşkar edilməsi haqqında əsatirlər yaşayır. Beləliklə, əfsanəvi gəmisi ilə bəşəriyyəti Dünya tufanından xilas etmiş Nuh Peyğəmbər Naxçıvan Duzdağını kəşf etməklə ilkin insan cəmiyyətinin yaradılmasının əsasını qoymuşdur. Nuh Peyğəmbər duz ixtirasının Prometeyidir”.
İsa Həbibbəyli müqəddimədə Naxçıvan Duzdağının, geniş mənada, mahiyyəti, insanlıq üçün oynadığı rolu, şəhər mədəniyyətinin formalaşmasındakı əhəmiyyətini məntiqli şəkildə ortaya qoyub, zamanla Duzdağın sirlərinin aydınlaşdırılması nəticəsində ölkəmizin, eləcə də Naxçıvanın bəşər sivilizasiyasının inkişafındakı yeri və roluna dair qiymətli səhifələrin açılmasındakı əhəmiyyətini göstərib.
Kitabın “Tarixi mənbələrdə Naxçıvan” bölməsində biz müxtəlif tarixi mənbələrdə və nəşrlərdə Vosboynikov, generel-mayor Skalo, Pavel Şeremetyevski, İ.Lena, Konstantin Nikitin, A.M.Marqolus və başqalarının yazıları ilə ətraflı tanış oluruq.
“Duzdağ araşdırmaları” bölməsində isə tanınmış elm adamları və tədqiqatçılardan İsmayıl Hacıyevin, Vəli Əliyevin, Məhəmmədəli Hüseynovun, Vəli Baxşəliyevin, Hacı Qadir Qədirzadənin, Əlövsət Quliyevin, Nizami Alıyevin, Yaşar Rəhimovun, Rafiq Babayevin, Əkrəm Hüseynzadənin, Məhsəti İsmayılın, Elmar Hüseynovun və digərlərinin son illərdə qələmə aldıqları duzla bağlı tədqiqatların öz əksini tapdığı məqalələrlə tanış oluruq.
Kitabdakı növbəti bölmə “Dünyanın Duzdağı” adlanır və burada Katrin Marro, Karolina Hamon kimi əcnəbi müəlliflərin, həmçinin müxtəlif xarici ölkə mətbuatında Naxçıvan Duzdağı haqqında dərc edilmiş yazılar toplanılıb.
Akademik İsa Həbibbəylinin yorulmaz axtarışları təkcə qədim məxəzlərlə, elmi-kütləvi nəşrlərlə kifayətlənməyib. O, Duzdağın bədii şəkildə tərənnüm olunduğu poeziya nümunələrini də diqqətdə saxlayıb. Belə ki, “Duzdağ odası” adlanan növbəti bölmədə Naxçıvan Duzdağına həsr edilmiş şeirlər toplanılıb. Burada biz Xalq şairləri Qabilin, Fikrət Qocanın, həmçinin İslam Səfərlinin, Hüseyn Razinin, Əliyar Yusiflinin, Elman Həbibin, Asim Yadigarın, Vaqif Məmmədovun, Muxtar Qasımzadənin, Zaur Vedilinin və başqalarının şeirləri ilə də tanış olmaq imkanı əldə edirik. Akademik İsa Həbibbəylinin özünün qələmə aldığı “Duzdağ odası” şeiri də özünəməxsusluğu ilə seçilir.
Kitabın sonuncu bölməsi “Duzdağ mozaikası – danışan şəkillər” adlanır və burada yer alan şəkillərlə biz Naxçıvan Duzdağının qeyri-adi rənglər mozaikası, əmək alətləri, duzun çıxarılma prosesi, duz mədənləri, duz şəlalə, duz çayları ilə tanış oluruq.
Ümumiyyətlə, akademik İsa Həbibbəylinin “Duzdağ mozaikası” kitabı Naxçıvan Duzdağının əhatəli və ətraflı öyrənilməsi və bu barədə məlumatların bir toplu halında cəm olunduğu nəşr kimi çox əhəmiyyətlidir. Əminik ki, bu kitab duzla bağlı sonrakı tədqiqatlar üçün də yeni istiqamətlər verəcəkdir.
Elxan MƏMMƏDOV
filologiya üzrə fəlsəfə doktoru