Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamdan sonra əksəriyyətini oxuduğum həmin kitablara yenidən qayıtdım. Düzdür, bu kitablar daha çox gənclər və yeniyetmələr üçün nəzərdə tutulsa da, orta və yaşlı nəslin nümayəndələrində də siyahıda olan və oxumadıqları kitablara qarşı bir maraq, həvəs oyandığını görmək və duymaq olur. Mən də bu baxımdan istisna deyiləm.
Elə ilk olaraq həmin siyahının birinci kitabı olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik, münasibətilə Azərbaycan xalqına müraciəti”ni təkrar oxudum. Bundan sonra sərəncamın mahiyyətini daha aydın şəkildə dərk etdim. Həmin müraciətdə Azərbaycan xalqının, dövlətimizin, Azərbaycançılıq ideologiyasının tarixdən günümüzədək, hətta xalqımız var olduqca davam edən yolu nəzərdən keçirilib, diqqətə çatdırılıb, sonrakı ideal yol müəyyənləşdirilib. Müraciətdə deyilir: “...Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır...
Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışdır...
...Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır”.
Qeyd olunan sərəncamın mahiyyəti ulu öndərin müraciətində yer alan aşağıdakı fikirlərlə üst-üstə düşür: “Gərək hər bir insan, xüsusilə gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli və mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycan dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycan müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Azərbaycan gəncliyinin vətənpərvər, tarixə, milli kökə bağlı və dünyagörüşlü olmasına hesablanmış “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamda yer alan kitablardan biri də Eynəli bəy Sultanovun “Məqalələr”idir.
1886-1935-ci illərdə yaşayan, Naxçıvanda teatrın, kitabxanaçılığın, mətbəə işinin və bir çox sahələrdəki yeniliklərin öncüllərindən olan Eynəli bəy Sultanov öz bədii əsərləri ilə yanaşı, publisistik yaradıcılığı ilə də daim xalqımızın maariflənməsinə, ziyalı kimi yetişməsinə çalışmış, bu yolda fədakarlıq göstərməkdən çəkinməmişdir. Bunu Eynəli bəy Sultanovun “Məqalələr” kitabını oxuyanda bir daha görürük.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə nəşr olunan kitabdakı məqalələr ötən ilin sonlarında akademik İsa Həbibbəyli tərəfindən tərtib edilərək nəşr olunan və Eynəli bəy Sultanovun rus dilində qələmə aldığı məqalələrindən ibarətdir. Həmin məqalələri Azərbaycan dilinə tərcümə edən siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynovanın peşəkar tərcüməçilik məharətini də qeyd etmək lazımdır. Məhz onun tərcüməçilik səriştəsinin nəticəsində böyük maarifçi ziyalının məqalələri Azərbaycan oxucularına ilk dəfə bütövlükdə təqdim edilib.
Kitaba “Görkəmli yazıçı-publisist Eynəli bəy Sultanov” başlıqlı ön söz yazan akademik İsa Həbibbəyli bu tanınmış ziyalının öyrənilməsi və yenidən tədqiqi sahəsində 2016-cı il 15 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının böyük rol oynadığını diqqətə çatdırır. Bu sahədə görülmüş işlərdən bəhs edir, həmçinin Eynəli bəy Sultanovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verir, onun tədqiqi, öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışır.
Kitab iki bölmədən ibarətdir. Birinci bölmədə Eynəli bəy Sultanovun 1892-1918-ci illərdə dövri mətbuatda dərc edilən məqalələri toplanıb. İkinci bölmədə isə Eynəli bəyin yazılma və dərc edilmə tarixi məlum olmayan məqalələri yer alıb.
Kitaba daxil edilən 120-dən çox məqalənin hər birində Eynəli bəy Sultanovun xalq sevgisini hiss etməmək mümkün deyil. Bəzən bu sevgi yaşadığı dövrdə hər hansı sahədə xalqın geridə qaldığı məqamların tənqidi, bəzi məqamlarda təəssüfü ilə qələmə alınsa da, bunların hər birində publisist Eynəli bəyin daxilindəki Vətən sevgisi, onun xalqının hər bir nümayəndəsinin maariflənməsi istiqamətindəki daxili vətənpərvərlik yanğısı diqqəti cəlb edir.
“Müsəlmanlar arasında”, “Dərkedilməz insan mühakimə qarşısında”, “Tatar ziyalıları haqqında düşüncələr”, “Naxçıvan şəhərində kişi gimnaziyasının açılması haqqında”, “Keçmiş haqqında iki kəlimə”, “Naxçıvan” (Xüsusi müxbirdən)”, “Novruz bayramı”, “Müsəlman qız”, “Qafqazda müsəlman mətbuatı”, “Suallar və cavablar”, “Əsl azadlıq haradadır”, “Naxçıvan məktubları” silsiləsindən dərc edilən məqalələr və digərlərinin hər birində Eynəli bəy Sultanovun Naxçıvana, Qafqazda yaşayan və Yaxın Şərq müsəlmanlarına, ümumilikdə, Türk dünyasına sevgisi, onların maariflənməsi üçün etmək istədikləri publisistik yanğı ilə qələmə alınmışdır.
Təsadüfi deyil ki, Eynəli bəy Sultanov dövrünün bir çox mətbuat orqanları ilə əməkdaşlıq etmişdir. Belə ki, o, ilk qələm təcrübələrini gənclik illərində “Tərcüman”da çap etdirsə də, sonralar rusdilli mətbuatda, Azərbaycan dilində nəşr olunan “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir” (həmin qəzetin əlavəsi olan “İşıq yol”da), “Dan ulduzu”, “Şərqi-Rus”, “Yeni yol” və digər qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazıları ilə çıxış etmişdir. Hətta müxtəlif illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin Müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru, “Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin məsul katibi işləmiş, eyni zamanda “Zakavkazskaya reç” qəzetinin “müsəlman qəzetlərindən tərcümə” sahəsində çalışmış, bütün bu mətbuat orqanlarında 20-dən çox fərqli imzadan istifadə etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı görülən işlərin davamı kimi nəşr olunan Eynəli bəy Sultanovun “Məqalələr” kitabını müxtəlif yaş qruplarına aid insanların oxuması zəruridir. Yeni nəşr bizə XIX əsrin sonu, XX əsrin əvvəlləri haqqında ətraflı məlumat verəcək, bununla bərabər, bir ziyalının timsalında xalqın maariflənməsi, inkişafı istiqamətində fərd olaraq görə biləcəyimiz işlər barədə də stimul olacaqdır.
Elxan YURDOĞLU
filologiya üzrə fəlsəfə doktoru