“Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransı ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açıb.
Konfransda Azər-Türk Bankın əməkdaşı Murad Sevdimalıyev “Banklarda risklərin idarə edilməsi” mövzusunda məruzə edərək bildirib ki, son illərdə banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının və əhalidən cəlb olunan əmanətlərin artması tendensiyası davam edib. Bu da bank sisteminin iqtisadiyyatda, xüsusən də sahibkarların maliyyə resurslarına olan tələbatının ödənilməsində rolunu yüksəldib. Belə ki, son 10 ildə real iqtisadi artım 4 dəfədən çox olub, strateji valyuta ehtiyatları 42, bank kreditləri 25, əhalinin əmanətləri isə 32 dəfə çoxalıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Məmmədnağı Əkbərov “Heydər Əliyevin Naxçıvan iqtisadiyyatının və maliyyə sisteminin inkişafında rolu” mövzusunda çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişaf mərhələsinə qədəm qoyub.
Sonra İdarəetmə fakültəsinin tələbəsi Şəhruz Yusubzadənin “Bankların qiymətli kağızlar bazarında fəaliyyət növləri” mövzusunda çıxışı dinlənilib.
Nuray ƏSGƏROVA