Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq, eləcə də Dövlət və bələdiyyə idarəetməsi ixtisasları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilib.
Noyabrın 22-23-də adıçəkilən ixtisaslar üzrə I kursda təhsil alan tələbələr nazirliyin aparatında və tabe qurumlarında təcrübə keçiblər.
İlk olaraq gələcəyin hüquqşünasları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində dövlətimizin cəza-icra siyasətinin həyata keçirilməsi, məhkumların hüquq və vəzifələrinin təmin edilməsi üçün peşə kurslarının təşkili haqqında ətraflı məlumat alıblar. Burada onları maraqlandıran suallara aydınlıq gətirilib.
Həmin gün Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Məhkəmə Ekspertizası Mərkəzində olublar. Burada onlar mərkəzdə keçirilən ekspertiza növləri haqqında ətraflı məlumat alaraq, müxtəlif ekspertizaların aparıldığı laboratoriyalarda yaradılan şərait və bu laboratoriyaların iş prinsipləri ilə tanış olublar. Növbəti gün isə tələbələr nazirliyin aparatında bir iş günü ərzində görülən işlər barədə məlumat əldə ediblər.
İkigünlük təcrübə müddətində universitetin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələri nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə gələrək burada iş prosesini izləyiblər.
Qeyd edək ki, təcrübə müddətində hər iki ixtisas üzrə təhsil alan tələbələr nazirliyin bütün şöbə və bölmələrində olub, günlük iş prosesində iştirak ediblər.
Təcrübi fəaliyyətdən sonra Ədliyyə Nazirliyində tələbələrlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səbuhi HÜSEYNOV