Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “İrəli” İctimai Birliyinin maliyyə dəstəyi ilə reallaşdırılmış “Azərbaycan İntellektual Birincisi” layihəsinə yekun vurulub. Layihənin sonuncu günündə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş final mərhələsi keçirilib.
Layihə çərçivəsində dörd intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı”) üzrə 11 regionda keçirilən yarışlarda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə, 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Hər rayon yarışlarda 18 nəfərlik komanda ilə təmsil olunub. Layihənin icrası müddətində Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərindəki Gənclər evlərində və mərkəzlərində, Naxçıvan Muxtar Respublikasında regional turnirlər keçirilib.
Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Sabirabad, Qobustan və Naxçıvan gəncləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. “Axtar tap” oyununun nəticələrinə görə Abşeron rayonunun təmsilçiləri ilk sırada yer alıblar. İkinci yerə Biləsuvar, üçüncü yerə isə Sabirabad gəncləri layiq görülüblər. “Nə? Harada? Nə zaman?” oyunu üzrə birinci yerə Abşeron, ikinci yerə Gəncə, üçüncü yerə Naxçıvan gəncləri sahib olublar. “Xəmsə” oyunu üzrə isə Şabran, Lənkəran və Goranboy rayonlarının gənc intellektualları qalib adını qazanıblar.
Qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunublar.
Ceyhun MƏMMƏDOV