Hər iki təhsil müəssisəsinə qəbul imtahanları mayın 21-də “İstedad-XXI əsr” kursları tərəfindən Naxçıvan Dövlət Texniki Kollecinin inzibati binasında keçirilib. Test formasında, mərkəzləşmiş qaydada keçirilən imtahanlarda hər bir iştirakçıya 100 sual təqdim olunub, sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Nəticələr imtahan keçirildikdən 3 gün sonra www.istedad21.com internet saytında açıqlanacaq. Hər iki liseyə daxil olmaq üçün sənəd verən və imtahanda yüksək nəticə göstərən ilk 60 nəfər məktəbin şagirdləri sırasına qəbul ediləcəkdir.
Qeyd edək ki, 2017-2018-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu hər iki təhsil ocağında bu il aprelin 1-dən mayın 5-dək aparılıb. Muxtar respublikanın şəhər və rayonlarından bu müəssisələrdə təhsilini davam etdirmək istəyən cari ildə VI sinifdə oxuyan 379 oğlan şagird Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, IV sinifdə oxuyan 159 qız şagird isə Naxçıvan Qızlar Liseyinə sənədlərini təqdim ediblər.
Xəbərlər şöbəsi