23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində “Naxçıvanın tarixi abidələri” və “Kültəpədə arxeoloji qazıntılar” kitablarının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev 2006-cı ildən etibarən AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyasının muxtar respublika ərazisində beynəlxalq ekspedisiyalarla birgə apardığı arxeoloji qazıntılar və bu tədqiqatların Naxçıvanın qədim tarixinin öyrənilməsindəki rolu barədə danışıb.
Bildirilib ki, Naxçıvan tarixi abidələrlə zəngin olan bir diyardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı əsasında Naxçıvanın tarixi və mədəniyyət abidələrinin öyrənilməsinə başlanılıb.

Qeyd olunub ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyevanın müəllifi olduqları “Naxçıvanın tarixi abidələri” adlı dərslikdə 2006-2016-cı illərdə aparılan arxeoloji araşdırmalar zamanı aşkar olunan müxtəlif dövrlərə aid abidələr və maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi bu mədəniyyətin mənşəyi, xronologiyası və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib. Digər yeni nəşr isə “Kültəpədə arxeoloji qazıntılar” adlanır. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro, Remi Berthon və Savaş Sarıaltunun həmmüəllif olduqları kitabda I Kültəpə yaşayış yerində aparılan tədqiqatların nəticələri işıqlandırılıb. Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə ətrafında yerləşən Neolit və Eneolit abidələri yalnız Azərbaycan deyil, bütövlükdə, Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki kitab Naxçıvan tarixşünaslığı üçün dəyərli mənbə kimi qiymətləndirilir.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Naxçıvanın tarixi və arxeoloji abidələri Naxçıvan tarixinin öyrənilməsi üçün mühüm mənbədir” mövzusunda məruzə edib. Bildirib ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə AMEA Naxçıvan Bölməsində yerli arxeoloji ekspedisiya yaradılıb. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərlik etdiyi ekspedisiya Şərur rayonundakı Ərəbyengicə abidəsində, Babək rayonunun Yeniyol yaşayış yerində qiymətli materiallar əldə edib. Cənubi Qafqaz Neolitinin ən qədim təmsilçilərindən olan I Kültəpə və onun ətrafındakı abidələrin tədqiqində də maraqlı elmi nəticələrə gəlinib. Bu abidələrdə adıçəkilən ekspedisiya ilə yanaşı, Fransa Milli Araşdırmalar Mərkəzi tərəfindən Catherine Marronun başçılığı ilə təşkil olunmuş ekspedisiya üzvləri də iştirak ediblər. Təqdimat mərasimi keçirilən yeni nəşrlər bu illər ərzində görülən işlərin hesabatı kimi meydana ­çıxıb.
“Naxçıvanın tarixi abidələri” adlı dərslikdə qədim dövrdən başlamış orta əsrlər dövrü də daxil olmaqla, Naxçıvanda yaradılmış tarixi-memarlıq abidələrinin təsviri və öyrənilmə tarixi öz əksini tapıb. Naxçıvan tarixi ilə bağlı bu dərslik həmin sahələrdə tədris ədəbiyyatı və elmi nəşr qıtlığını aradan qaldıracaq.
Təqdimatda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək hər iki kitabın Naxçıvan tarixinin öyrənilməsi baxımından dəyər­li bir mənbə olduğunu qeyd ediblər.
“Naxçıvanın tarixi abidələri” və “Kültəpədə arxeoloji qazıntılar” kitablarının müəllifləri adından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək Naxçıvanda aparılan arxeoloji işlərdən və onların nəticələrindən ətraflı söhbət açıb.
Tədbir çərçivəsində eramızdan əvvəl VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində və onun ətrafında aparılan elmi tədqiqatları əks etdirən videogörüntülər nümayiş etdirilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR