“Naxçıvan” Universitetinin kitabxanasında pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyevin “Pedaqogika” kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq müəllifi təbrik edib, yeni işıq üzü görən dərs vəsaitinin məziyyətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ali məktəb tələbələri, doktorant və müəllimləri üçün nəzərdə tutulmuş bu dərs vəsaiti ümumi pedaqogika üzrə nəzəri biliklər və müasir təcrübənin ən yeni nailiyyətləri əsasında tərtib olunub. Kitab sistematik olaraq “Pedaqogikanın ümumi əsasları”, “Didaktika”, “Tərbiyə nəzəriyyəsi” və “Məktəbşünaslıq” bölmələrindən ibarətdir. Pedaqogikanın nəzəri problemlərini və praktik pedaqoji nailiyyətləri əhatə edən dərs vəsaitində mühazirələr pedaqogika elminin klassik bölmələrinin ardıcıllığı ilə tərtib edilmişdir. Kitabda öyrəniləcək materialların əsas mahiyyətinin sadə, elmi dəqiqliklə verilməsi tələbələrin pedaqoji bilikləri dərindən mənimsəməsinə kömək göstərəcək.
Sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi, pedaqoji elmlər doktoru Vahid Rzayevin, Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məmməd Rzayevin, “Naxçıvan” Universiteti kitabxanasının müdiri, dosent Aypara Behbudovanın, İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr Lalə Qarayevanın kitabla bağlı fikirləri dinlənilib.
Sonda rektor, professor İsmayıl Əliyev tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində köməkliyi olan hər kəsə minnətdarlığını bildirib.
Nuray ƏSGƏROVA