Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv dərs keçilib.
` “Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan” mövzusunda keçilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, daha çox oğuzların tarixini əks etdirən və 12 boydan ibarət olan bu folklor abidəmizdə oğuz türklərinin həyat tərzi, adət-ənənələri, dünyagörüşü, düşmənə qarşı qəhrəmanlıq mübarizəsi, mərdliyi əks olunub. “Kitabi-Dədə Qorqud” dastanı, təxminən, X-XI əsrlərdə yazıya alınıb.
Əbülfəz Quliyev qeyd edib ki, dastanların dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” Fərman imzalayıb. Həmin tarixi fərmandan sonra “Kitabi-Dədə Qorqud”un tədqiqi, nəşri və təbliği sahəsində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan şəhərində 1999-cu ildə Dədə Qorqudun abidəsi ucaldılıb, Naxçıvanda və Türkiyənin Van şəhərində beynəlxalq simpoziumlar təşkil olunub.
Alim ölkə Prezidenti cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncamından da bəhs edib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu keçirilib, professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyası yenidən nəşr olunub, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filmi hazırlanıb, bu mövzuda açıq dərslərin keçilməsi, kütləvi informasiya vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması təmin olunub. Həmin sərəncamlardan irəli gələn vəzifələr bu gün də uğurla icra edilir.
Açıq dərsdə “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığından bəhs edilib, dastanda baş verən hadisələrin, bir sıra boylarda adıçəkilən coğrafi adların Naxçıvan ərazisində olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu təsdiqləyir.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi