50 yaşı tamam olan, bu illər ərzində özünəməxsus tarixi inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinin Azərbaycanda elm və təhsilin inkişafında, eləcə də kadr potensialının formalaşmasında xüsusi rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu ali təhsil ocağının ölkədə və beynəlxalq aləmdə nüfuzu daha da artmaqdadır.
Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin bu ali məktəbi dostluq və əməkdaşlıq üçün seçməsi, ənənəyə uyğun olaraq ali məktəblər haqqında hər il nəşr etdirdiyi “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasından olan bələdçi kitabında Naxçıvan Dövlət Universitetinə yer ayrılması universitetin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də, bütövlükdə, Azərbaycan ali məktəbinin əhəmiyyətli uğurlarından biri hesab oluna bilər. Həmin jurnalın 2013-cü il nəşrində 44 ölkədən 183 təhsil müəssisəsi sırasında Azərbaycandan ilk dəfə məhz əsas elm və ali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universiteti və onun əldə etdiyi uğurlar haqqında məqalə verilmişdir. 2014-cü və 2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə anonim qaydada Azərbaycan ali təhsil müəssisələri arasında keçirilən reytinq sıralamasında Naxçıvan Dövlət Universitetinin birinci yerə layiq görülməsi də mühüm nailiyyətdir.
Universitetin professor-müəllim heyətinin apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq son on ildə universitet əməkdaşlarının 476 kitabı, о cümlədən 201 monoqrafiyası, 30 dərslik, 245 dərs vəsaiti, 501 metodik vəsaiti və proqramı, 7686 elmi məqaləsi və 1076 tezisi çap olunmuşdur. Elmi məqalələrdən 1176-sı, tezislərdən isə 338-i xaricdə dərc edilmişdir. Həmin məqalələrdən 67-si Тоmsоn Royter İnstitutu tərəfindən müəyyən olunan və elmi ictimaiyyətin birmənalı şəkildə qəbul etdiyi Science Citation Index seriyasına daxil olan impakt faktorlu jurnallarda işıq üzü görmüşdür.
Bu illər ərzində ali təhsil ocağında 81 beynəlxalq səviyyəli, 96 respublika səviyyəli, 200-ə yaxın muxtar respublika və universitet səviyyəli konfrans keçirilmişdir. Son on ildə universitet əməkdaşlarından 74 nəfər fəlsəfə doktoru proqramı üzrə, 14 nəfər elmlər doktoru proqramı üzrə müdafiə etmişlər. Universitetin iki nəfər əməkdaşı 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Naxçıvan Dövlət Universitetində 1997-ci ildən Dissertasiya Şurası fəaliyyət göstərir ki, bu şurada Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, dünya ədəbiyyatı, Pedaqogika və sənətşünaslıq üzrə indiyə qədər yüzlərlə doktorant və dissertant müdafiə etmişdir. 2015-ci ildən parazitologiya və entomologiya ixtisasları üzrə, 2017-ci ildən isə fəlsəfə və pedaqogika üzrə də Dissertasiya Şurası fəaliyyətə başlamışdır. Hazırda ali məktəbin doktoranturasında fəlsəfə doktoru proqramı üzrə 15 ixtisasda 32 doktorant, 19-u xarici vətəndaş olmaqla, 30 ixtisas üzrə 116 dissertant, elmlər doktoru proqramı üzrə 6 ixtisasda 7 doktorant, 10 ixtisas üzrə 16 dissertant təhsil almaqdadır.
Universitetdə magistratura təhsilinin təkmilləşdirilməsinə də xüsusi əhəmiyyət verilir, bunun üçün möhkəm maddi-texniki baza yaradılıb. 20 il bundan öncə 7 ixtisas üzrə 27 nəfərə magistr təhsili verməyə başlayan universitetdə hazırda 38 ixtisaslaşma üzrə 250 magistr əyani təhsil alır. Magistraturada ilk buraxılışın olduğu 1999-cu ildən bu günədək 1593 nəfər magistr dərəcəsi alıb. 2002-ci ildən başlayaraq Naxçıvan Dövlət Universitetində magistratura pilləsini müxtəlif ölkələrdən olan 129 əcnəbi magistrant bitirib. Magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək Naxçıvan Dövlət Universitetində 2009-cu ildən etibarən keçirilən ənənəvi regional elmi konfranslarda, respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər.
1997-ci il fevralın 13-də universitetin “Elmi əsərlər” məcmuəsi Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinin qeydiyyatından keçmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 30 aprel tarixli qərarı ilə jurnalın humanitar, ictimai, təbiət və tibb, fizika-riyaziyyat və texnika elmləri üzrə dörd seriyası tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir. 2011-ci ildə isə “Elmi əsərlər” jurnalının bu seriyalardan olan nəşrləri “ISSN” beynəlxalq seriya nömrəsi almışdır. Həmin ildən etibarən hər il jurnalın 8 nömrəsi çap olunur. 2014-cü ildən başlayaraq “Elmi əsərlər” jurnalının bütün nömrələri onlayn şəkildə universitetin veb saytında yerləşdirilir.
Belə mühüm elmi nailiyyətlərin qazanılmasında universitetin gündən-günə genişlənən maddi-texniki bazası həlledici rol oynayır. 2014-cü ildə 1 ədəd tədris vəsaiti kimi istifadə olunan Dəmiryol yük çeşidləmə stansiyasının kompüterlə idarə olunan maketi, 33 ədəd fərdi kompüter, 10 printer, 6 kamera, 3 ədəd Universitet Televiziyası üçün yayım avadanlığı alınmışdır. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə istifadəyə verilən universitet xəstəxanasının və Baytarlıq təbabəti ixtisasının yeni binalarında Baytarlıq ixtisası tələbələri üçün universal laboratoriya, universitet xəstəxanası üçün diaqnostika, stomatologiya, göz, cərrahiyyə, anesteziologiya və reanimasiya, sterilizasiya, fizioterapiya kabinələri, laboratoriya yaradılmışdır.
2015-ci ildə Fizika ixtisasında təhsil alan tələbələr üçün 32 adda yeni laborator avadanlıqlar alınıb quraşdırılmışdır. 2016-cı ildə isə kimya və biologiya ixtisasları üçün laborator avadanlıqlar alınaraq müəllim və tələbələrin ixtiyarına verilmişdir. Hazırda İqtisadiyyat fakültəsi üçün yeni tədris korpusu tikilir.
2015-ci ildə Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Respublikasının KOİCA şirkəti ilə birgə həyata keçirilən “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olmuşdur. Layihə çərçivəsində elektron kitabxana yenidən qurulmuş, yeni kompüterlərlə təmin olunmuş, universitetin bütün fakültələri elektron kürsülər, video müşahidə sistemləri, test imtahanları və informatika dərslərini təşkil etmək üçün kompüter otaqları ilə təmin olunaraq müəllim və tələbələrin ixtiyarına verilmişdir.
Artıq 5 ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat institutlarının və təhsil müəssisələrinin doktorant və dissertantları üçün informatika fənninin onlayn dərsləri davam etdirilir. İki ildir ki, həmin dərslərin nəticəsi olaraq doktorant və dissertantlar informatika fənnindən minimum imtahanını onlayn qaydada verirlər və doktorantlar müvafiq sertifikatlarla təmin olunurlar.
Naxçıvan Dövlət Universitetinin bakalavr səviyyəsində tədrisin kredit sistemi ilə təşkili qaydalarında islahatlar aparılmış və bir çox yeniliklərə imza atılmışdır. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya sisteminin müddəalarına müvafiq olaraq tələbələrin akademik mobilliyi istiqamətində Naxçıvan Dövlət Universitetində bir sıra tədbirlər həyata keçirilmişdir. Koreyanın Kim-Çonq, Türkiyənin Ərzurum Atatürk, Ərdahan, Gürcüstanın Batumi Dövlət, Litvanın Klaypeda, İspaniyanın Santyaqo De Kompostella universitetləri ilə razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyinə start verilmişdir. Universitet rektorluğunda “Elektron təhsil” və “Elektron test” layihələri daha da genişləndirilərək “Elektron kitabxana”, “Elektron idarəetmə”, “Elektron Naxçıvan” layihələri ilə birgə “Elektron universitet” layihəsinin hazırlıqlarına başlanılmışdır.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Naxçıvan Dövlət Universitetinin tərəfdaş kimi çıxış etdiyi “Azərbaycanda şifahi və yazılı tərcüməçiliyin inkişafı – RİTSA”, “İnnovasiyaların işgüzarlığa çevrilməsində universitetlərin rolunun artırılması – UnIvEnt” və “Avropa İttifaqının Şərq qonşuluğunda tibb sahəsində bakalavr təhsilinin inkişafı” (TEMPUS), Azərbaycan universitetlərində doktorantura təhsil pilləsinin Avropaya inteqrasiyası “NİZAMİ” (ERASMUS +) layihələri üzrə işlər davam etdirilmişdir. Həmin layihələr çərçivəsində universitet əməkdaşları xarici ölkələrdə səfərlərdə olmuş və təlim proqramlarında iştirak etmişlər.
Universitetin 1968-ci ildən fəaliyyət göstərən Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 minə yaxın ədəbiyyat saxlanılır. Hazırda kitabxanada 6 şöbə, 11 fond və 11 oxu zalı var. Burada 15 min oxucuya ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsilə xidmət göstərilir. 2013-cü ildən isə kitabxana elektron kitabxana kimi fəaliyyətini daha da genişləndirib.
Kitabxanada “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi tətbiq olunub və elektron kataloqun bazalarında işlər bu proqram vasitəsilə həyata keçirilir. Elmi Kitabxanada bu günədək 3 min 500 adda 30 min sayda kitabın elektron kataloqu yazılmış, 5 mindən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.
Universitetdə elm və innovasiya fəaliyyəti üçün yaradılan hərtərəfli şərait, qazanılan nailiyyətlər bir daha təsdiq edir ki, Naxçıvan Dövlət Universiteti bundan sonra da dünyaya inteqrasiya, muxtar respublikada yüksəkixtisaslı mütəxəssis hazırlığı, elmi kadr potensialının gücləndirilməsi istiqamətində öz sözünü deyəcək.
Mübariz NURİYEV
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru