Muxtar respublikanın texniki-peşə məktəblərində təlim-tərbiyə prosesinin səmərəliliyinin yüksəldilməsi, gənclərin peşə və fənlərə olan maraq və meyillərinin artırılması, istedadlı gənclərin üzə çıxarılması, onlarla aparılan işin forma və metodlarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Əmək bazarında rəqabətədavamlı peşələrdən biri də qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi perspektivli peşələrdən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu sahə üçün ixtisaslı kadrlara ehtiyac yarandığından “Naxçıvan Muxtar Respublikasında peşə-ixtisas təhsili üzrə ixtisasların siyahılarının və tədris planlarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 avqust tarixli qərarı ilə ixtisasartırma kursları siyahısına qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi də daxil edilib. Ötən il sentyabrın 1-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində bu peşə üzrə ixtisasartırma kursu fəaliyyətə başlayıb. “Naxçıvanqaz” İstehsalat Birliyinin tabeliyindəki şəhər, rayon qaz istismar idarələrində, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına qrup halında cəlb olunmaları təşkil edilib.
Qeyd edək ki, sözügedən ixtisasartırma kursları 2016-cı il avqust ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin “Naxçıvanqaz” İstehsalat Birliyinə qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlbinin davam etdirilməsi barədə verdiyi tapşırığa əsasən təşkil olunub.
Bu sahəyə göstərilən dövlət qayğısı qaz təsərrüfatında texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət etməklə təbii qazın səmərəliliyinə, peşəkar ixtisaslı işçi qüvvəsinin artırılmasına, istehlakçılara nümunəvi xidmətin göstərilməsinə, həmçinin görülən işlərin keyfiyyətinin yüksəldilməsinə böyük zəmin yaradıb.
Bu peşəyə yiyələnənlər qaz kəmərləri və onların üzərində quraşdırılan qurğu və avadanlıqların yoxlanılması və təmirində, evdaxili qaz avadanlığına texniki baxışda və profilaktik qulluq edilməsi zamanı yerinə yetirilən işlərdə, qəzaların ləğvi və məhdudlaşdırılması işlərində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin qaz avadanlıqlarının istismarında və digər işlərdə uğurla fəaliyyət göstərirlər. Peşə fərdi və ya konveyer formasında həyata keçirilir.
Mərkəzdə kurs fəaliyyətə başlayan vaxtdan bu günə qədər həmin kurslara 47 işçi cəlb olunub. Bir kursun tədris müddəti iki aydır və növbəti kurslara gələn aydan başlanılacaq.
İxtisasartırma kurslarının sonunda müdavimlərə peşə-ixtisas təhsili haqqında sertifikatlar təqdim olunur.
Mina QASIMOVA
“Naxçıvanqaz” İstehsalat Birliyinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi