12 Yanvar 2025, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 14 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd edilməkdədir. Bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib. Sərəncamda bu ali təhsil ocağının yarım əsr ərzində keçdiyi inkişaf yolu yüksək qiymətləndirilərək deyilir: “Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formalaşmasına öz təsirini göstərmiş, fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olmuşdur. Naxçıvan Dövlət Universitetinin məzunları ölkəmizdə milli dövlət quruculuğunun və təsərrüfat həyatının müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verirlər”. 

Sivilizasiyanın beşiyi olan Nuhun vətəni Naxçıvan dünyada nəinki zəngin tarixi irsi və mədəniyyəti, eyni zamanda böyük ziyalı ordusu və dahi şəxsiyyətləri ilə də şöhrət qazanıb. Tarixən maarifçi ideyaların geniş intişar tapdığı, əvəzsiz ədəbi nümunələrin, memarlıq incilərinin, musiqi əsərlərinin, elmin müxtəlif sahələrinin təşəkkül etdiyi bu diyar dünyanın ən zəngin mədəniyyət mərkəzlərindən biridir. Bunu şərtləndirən başlıca amillər isə Naxçıvanın Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkanda yerləşməsi, geosiyasi mövqeyi və tarixin müxtəlif dövrlərində Azərbaycanın paytaxtı olması kimi xarakterizə edilir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, Məhəmməd ağa Şahtaxtinski, Hüseyn Cavid, Məmməd Səid Ordubadi və onlarla mütəfəkkir və ədiblərin başladığı maarifçilik hərəkatı və ədəbi yüksəliş zamanla Naxçıvanda elmin və təhsilin yeni müstəvidə inkişafına təkan verdi. Hələ XIX əsrdən düşüncələrdə başlanan bu oyanış XX əsrin ortalarında Naxçıvanda ali təhsilin, konkret desək, ali təhsil müəssisəsinin yaradılması ideyasını gerçəkləşdirdi. Ümummilli lider Heydər Əliyevin də bu prosesə verdiyi qiymət çıxışlarından birində belə səslənmişdir: “Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının məntiqi nəticəsidir”.
Beləliklə, Naxçıvanda ilk ali təhsil ocağı 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başladı. İlk tədris ilinə 3 ixtisas üzrə 102 tələbə qəbulu ilə başlayan ali təhsil müəssisəsində birinci il cəmi 3 müəllim çalışırdı. Regionun yüksəkixtisaslı mütəxəssislərə olan tələbatını ödəmək zərurəti ali təhsil ocağının filial kimi deyil, müstəqil ali məktəb kimi fəaliyyətini şərtləndirdi. Bunun nəticəsində 1972-ci ildə filialın bazası əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradıldı.
İlk mərhələdə pedaqoji kadrlara olan tələbat zaman keçdikcə sosial-iqtisadi və mədəni həyatın digər sahələrini də əhatə etdi. Ali məktəbdə yeni ixtisasların açılması onun fəaliyyətini daha geniş müstəvidə həyata keçirilməsinə şərait yaratdı. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli 584 saylı qərarı ilə Pedaqoji İnstitut Naxçıvan Dövlət Universitetinə çevrildi.
Ümummilli lider Heydər Əliyev Naxçıvanda ali təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, fəaliyyətinin bütün dövrlərində bu ali təhsil ocağının inkişafı və yenilənməsini diqqətdə saxlamışdır. Ulu öndərin bu ali məktəbdə dörd dəfə olması deyilənlərə bariz sübutdur. Azərbaycana birinci rəhbərliyi dövründə ilk dəfə 1974-cü il oktyabrın 4-də Naxçıvan Dövlət Pedaqoji İnstitutunun kollektivi qarşısında çıxış edən görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda universitetin yaradılması zərurəti ideyasını irəli sürmüşdür. Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə də iki dəfə universitetdə olmuş, professor-müəllim heyəti və tələbələr qarşısında çıxış etmiş, universitetin gələcək fəaliyyət strategiyasını öz tarixi çıxışlarında səsləndirmişdir.
1999-cu il oktyabrın 11-də universitetin 1600 yerlik yeni tədris korpusunun açılışında çıxış edən ümummilli lider XX əsrin 70-ci illərindəki uzaqgörən təşəbbüsünü xatırlayaraq demişdir: “Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir... Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir...”
Dahi rəhbərin 2002-ci il 12 iyun tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iki dəfə bu ali təhsil ocağında olmuşdur. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının açılışında iştirak edən dövlət başçısı universitetdə informasiya texnologiyalarının tətbiqinin mövcud vəziyyəti ilə maraqlanmış, tələbələr qarşısında çıxış etmişdir. 2007-ci ildə universitetin 40 illik yubiley mərasimi və Konservatoriya binasının açılışında iştirak edən ölkə başçısı ali təhsil ocağının 40 illik fəaliyyətində əməyi olan pedaqoji kollektivin üzvlərindən bəzilərini təltif etmiş, professor-müəllim heyəti qarşısında tarixi nitq söyləmişdir.
Ali təhsil ocağının fəaliyyətində 1995-ci ildən sonrakı dövr xüsusi əhəmiyyəti ilə seçilir. Ötən illər ərzində yeni tədris korpuslarının tikintisi, maddi-texniki bazanın zənginləşməsi, ali təhsil ocağının genişlənmiş beynəlxalq əlaqələrinin qurulması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada ali təhsilin müasir standartlar səviyyəsində qurulmasına verdiyi böyük tarixi töhfədir.
Hazırda Naxçıvan Dövlət Universitetində 12 fakültədə 58 ixtisas üzrə bakalavr, 43 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı həyata keçirilir. Ümumilikdə, universitetdə 6 minə yaxın tələbə təhsil alır. Onlar arasında Türkiyə, İran, Nigeriya, Banqladeş də daxil olmaqla, 12 ölkədən 300-dən çox xarici vətəndaş vardır.
Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər sırasında akademik, elmlər doktoru və fəlsəfə doktorlarının sayı durmadan artır. Universitetdəki “Regionun inkişafı problemləri” laboratoriyasında qədim diyarın tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənilir. Bu ali təhsil ocağında fəaliyyət göstərən Heydər Əliyev Universiteti müasir gəncliyin milli dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet Xəstəxanası, Olimpiya-idman mərkəzi, 2 stadion, Baytarlıq Təbabəti klinikası və müasirtipli Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzi, müasirtipli universitet qonaq evi tikilərək istifadəyə verilmişdir.
Universitetdə 3 internet mərkəzi, “Qeyrət” nəşriyyatı, Media mərkəzi, televiziya, “Elmi əsərlər” jurnalı, “Yeni fikir” qəzeti, “Nuhçıxan” radiosu və bir neçə muzey fəaliyyət göstərir. Universitetin “Elmi əsərlər” jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxalq kod almışdır.
Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Türkiyə, Misir Ərəb Respublikası, Pakistan, İran, Özbəkistan və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir. Bu, bir daha təsdiq edir ki, Naxçıvan Dövlət Universitetində tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilir.
2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçıvan Dövlət Universiteti 799 balla Azərbaycan ali təhsil müəssisələri arasında birinci yerə layiq görülmüşdür.
2015-2016-cı tədris ili daha yaddaqalan olmuşdur. Cənubi Koreyanın KOİCA şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi Azərbaycan ali təhsil məkanında ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşmüşdür. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə, Elektron Poçt və sair kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet eyni zamanda elektron imtahanları da əhatə edir.
Naxçıvan Dövlət Universitetinin 200 minə yaxın fondu olan kitabxanasında “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi vasitəsilə bu günədək 3500 adda 30 min sayda kitabın elektron kataloqu yazılmışdır. 5000-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir. Yeni nəsil gənc­liyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə-Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Turizm Assosiasiyası, Tələbə İnformasiya Mərkəzi, tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır. Bundan başqa, universitetin müəllim və tələbələrinin hazırladığı “Arşın mal alan” operettası Rusiyanın Novosibirsk şəhərində, Türkiyə Cümhuriyyətinin Ərzurum, Samsun, Qars, Ərdəhan, Qara Dəniz Texniki universitetlərində, Gürcüstan Respublikasının Axaltsixi Universitetində uğurla nümayiş etdirilmişdir. Ali təhsil ocağının futbol komandası ölkəmizin ali məktəblərinin birinciliyində çempionluq qazanaraq Azərbaycanı Ukraynada və Polşada təmsil etmişdir.
Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin universiteti” adına layiq görülmüşdür.
Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitet Rektorları Cəmiyyətinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan verir.
Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında tələbə mübadiləsi həyata keçirilir. Universitetin 30-a yaxın tələbəsi bu proqram çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixdə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncam Naxçıvan Dövlət Universitetində də muxtar respublika üçün layiqli kadr potensialı yetişdirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, onların yüksək intellektli mütəxəssis kimi hazırlanması baxımından mühüm rol oynayır.
Naxçıvan Dövlət Universitetinin məzunları arasında yüksək vəzifəli dövlət məmurları, deputatlar, ali rütbəli hərbçilər, görkəmli alimlər vardır.

Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasirtipli ali məktəbdir. Dünya universitetləri arasında və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində öz tarixi yolunu bundan sonra da davam etdirəcəkdir.

Surə SEYİD
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR