23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir. Bu baxımdan müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin nazirliyin struktur qurumlarında təcrübə keçməsi təqdirəlayiq haldır. Əminliklə demək olar ki, Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin əksəriyyəti gələcəkdə muxtar respublikanın bank qurumlarında fəaliyyət göstərməklə bərabər, poçt əməliyyatçısı kimi effektiv iş nümayiş etdirə biləcəklər.
Görüşdə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlqar Sadiqov, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Poçt rabitəsi şöbəsinin mütəxəssisi Hüsniyyə Rəcəbovanın çıxışları olub. Çıxışlarda qeyd edilib ki, təcrübə müddətində nazirliyin mütəxəssisləri tərəfindən Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası üzrə təhsil alan tələbələrinə dərslər keçilib. Dərslərdə mərkəzi terminallar haqda məlumat verilib, həmin terminal vasitəsilə qaz, elektrik, su istifadə haqlarının, telefon abunə borclarının ödənişi, abunəçilərin borclarının hesablanması, adların, ünvanların korreksiyası, yeni abonent yaradılması və terminaldan müxtəlif hesabatların çıxarılması öyrədilib. Bundan başqa, Colvir sistemi ilə işləmək qaydası, pul köçürmələrinin qəbulu, ödənişi, axtarış aparılması, tele­qramların qəbulu və göndərilməsi, bağlamaların qeydiyyatı, müxtəlif hesabatların çıxarılması qaydaları üçün dərslər keçilib. Smartkartların yüklənməsi və hesabatların çıxarılması da öyrədilib. Bütün bunlar tədris otağındakı kompüterlərin “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsinə qoşulması vasitəsilə əyani olaraq həyata keçirilib.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov tələbələrə yaradılan şəraitə görə minnətdarlığını bildirərək qeyd edib ki, əvvəllər Bank işi ixtisasında təhsil alan tələbələrin təcrübə keçməsi üçün yalnız Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə müraciət edilirdi. Ancaq kollec üçün yeni binanın istifadəyə verilməsindən sonra muxtar respublika rəhbərinin tapşırığı əsasında poçt əməliyyatları üzrə kadrların yetişdirilməsinə də diqqət artırılıb. Sevindirici haldır ki, bu ixtisas üzrə təhsilini başa vuran tələbələr təkcə bank qurumlarında deyil, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur bölmələrində də fəaliyyət göstərə biləcəklər.
Kollecin tələbələrindən Nargül Abbaszadə və Həbibə Baxşəliyeva çıxış edərək təcrübə müddətində göstərilən köməyə görə mütəxəssislərə minnətdarlıqlarını bildiriblər.
Tədbirə rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov yekun vurub.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR