Gənc müəllimlər bu adı həmişə uca tuturlar
Hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa gələcəyin etibarlı təminatı olan kadr hazırlığından asılıdır. Məhz buna görə də bu gün Azərbaycanda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına xüsusi diqqət yetirilir.
Ulu öndər Heydər Əliyev həmişə gənc nəslə böyük ümidlər bəsləyib, gənclərlə görüşlərində, mötəbər tədbirlərdəki çıxışlarında bildirib ki, Azərbaycanın gələcəyi olan gənclərin hərtərəfli yetişdirilməsi, təhsil alması ən vacib və zəruri məsələlər sırasındadır. Bu işdə təhsil ocaqlarının və müəllimlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyev çıxışlarında bu peşə sahiblərinə daim yüksək qiymət verib. O deyib: “Mən dünyada müəllimdən yüksək ad tanımıram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.
Müəllimlər şagirdlərin dərin və hərtərəfli təhsil almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən böyük məsuliyyətdir. Müəllim hər bir hərəkəti ilə örnək təşkil edir, onun biliyi, təcrübəsi şagirdin yaxşı təhsil almasında əsaslı rol oynayır. Belə müəllimlərdən biri də Sədərək kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Vurğun Əsgərlidir.
Vurğun Əsgərli 1995-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində dünyaya göz açıb. O, orta məktəbdə təhsil aldığı müddətdə şagirdlər arasında seçilib, keçirilən müxtəlif olimpiadalarda, viktorinalarda, digər bilik yarışmalarında iştirak edərək yaxşı nəticələr qazanıb. Ali məktəblərə qəbul imtahanında Vurğun 500-dən yuxarı bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunub. İmtahanda yüksək nəticə göstərdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən mükafatlandırılıb.
Tələbəlik həyatına başlayan gündən Vurğunun qarşısında geniş perspektivlər açılıb. O, qısa vaxt ərzində universitetdə öz bilik və bacarığına görə seçilib. Tələbəlik illərində təkcə tarix elmi ilə deyil, politologiya, iqtisadiyyat, sosiologiya, psixologiya, siyasi iqtisad, beynəlxalq münasibətlər və digər mühüm idarəetmə fənləri ilə də dərindən maraqlanıb, bu elmlərə aid məqalələr yazıb. Exus Business Condulting & Trainingin təşkil etdiyi “Şüuraltı təsir” layihəsini, Azərbaycan Milli QHT Forumunun Gənclər Departamenti tərəfindən təşkil edilmiş “Motivasiya”, “Kariyera quruculuğu”, “Natiqlik”, “Bədən dili”, “Liderlik” layihələrini, MK Təlim Klubunun təşkil etdiyi “Qazanmaq 3 şey istər” və digər bu kimi proqramları uğurla başa vurduğuna görə sertifikat, diplom, fəxri fərmanlar alıb.
O, hələ tələbə ikən ulu öndər Heydər Əliyevin siyasi xətti, dövlətçilik və millilik əsasları istiqamətində fəaliyyət göstərən, iki mindən çox üzvü olan Gənc Vətənpərvərlər Birliyinin İctimai-siyasi şöbəsinin müdiri təyin edilib, “Narkotiklərə yox deyək”, “Vətən and yerimizdir”, “Təbiəti qoruyaq”, “Gənclərdə milli hisslərin gücləndirilməsi”, “Ana dilimizə qayğı göstərək” və digər bu kimi layihələrin hazırlanıb həyata keçirilməsində fəallıq göstərib, buna görə birlik tərəfindən fəxri diplomla təltif olunub. Öz intellekt və istedadı ilə seçilən gənc müəllim 2015-ci ildə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Təşkilatının tərtib etdiyi silsilə mühazirələrdə iştirak edib, həmin qurumun 54-cü iclasında çıxış edib, beynəlxalq səviyyəli sertifikatla təltif olunub.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə 2014-cü ildə ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kursda Vurğun Əsgərli də fəal iştirak edib. Bu məqamda qeyd edək ki, Bakı Dövlət Universitetinin 20 minə yaxın tələbəsi arasından bu kursda iştirak etmək üçün seçilən 20 tələbədən biri də Vurğun olub.
Vurğun Əsgərlini digər tələbə və gənclərdən fərqləndirən ən mühüm keyfiyyətlərindən biri onun hələ tələbə olarkən cəmiyyət həyatı ilə bağlı çoxsaylı fəlsəfi, publisistik məqalə yazmasıdır. Onun məqalələri müxtəlif qəzet, jurnallarda çap olunub, saytlarda yerləşdirilib. Müəllif sonralar bu məqalələri kitab şəklində çap etdirib. Vurğun bu fəaliyyətinə görə “Hər bir azərbaycanlı Vətənimizin bu günü və sabahıdır” layihəsi əsasında “Gənc yazar” adına layiq görülüb.
Vurğun Əsgərli ali məktəbi bitirdikdən sonra 2016-cı ilin sentyabr ayında öz istəyi ilə sərhəd bölgəmiz olan Sədərək rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi qısa zamanda həm kollektivin, həm də şagirdlərin böyük rəğbətini qazanan müəllimlə həmsöhbət olduq. Ona bu sualla müraciət etdik:
–Hələ tələbə ikən uğurlara imza atmısınız. Müəllim olmaq sizin üçün son məqsəddirmi? Başqa sahələrdə də çalışmaq istərdinizmi?
– Mən hər zaman əlimdən gəldikcə geniş məlumatlar əldə etməyə, elm öyrənməyə, araşdırmağa səy göstərmişəm. Əldə etdiyim bilikləri şagirdlərə öyrətmək isə mənim ən böyük arzum olub. Bu gün həmin arzuma çatmışam. Mənim üçün önəmli hansı sahədə çalışmağımdan asılı olmayaraq öz ölkəmə, xalqıma layiqincə xidmət etməkdir. “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”, – deyən ulu öndərimiz Heydər Əliyev biz gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci, hər şeydən çox, hər şeydən artıq, müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin gəncliyə verdiyi qiymətin göstəricisidir ki, bu gün Azərbaycan gəncliyi öz inkişafının yeni mərhələsindədir. Azərbaycan xalqı istedadlı, bacarıqlı gəncləri ilə fəxr etdiyi kimi, biz gənclər də azərbaycanlı olduğumuz üçün fəxr edirik.
Bəli, bu gün də ulu öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur və gənc müəllimlərimiz də bu qayğıdan bəhrələnirlər. Qalib müəllimlərimiz mükafatlandırılır. Muxtar respublikamızın ucqar kəndlərində yaşayan müəllimlərimizə xüsusi müavinətlər verilir. Bu gün qədim diyarda fəaliyyət göstərən müəllimlər 20 il əvvəl olduğu kimi uçub dağılmış, təmirsiz məktəblərdə dərs demirlər. Onlar üçün çox gözəl, rahat şərait yaradılıb, indi müəllimlərimiz müasir standartlara uyğun, hər cür şəraiti olan yeni məktəblərdə işləyirlər. Onlar təhsilin keyfiyyətini yüksəltmək, gələcəyin sağlamdüşüncəli qurucularını yetişdirmək üçün səylə çalışırlar.
Fatma BABAYEVA