Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə imzaladığı Sərəncama uyğun keçirilən yubiley tədbirlərinin növbəti ünvanı Kəngərli rayonu olub.
Yubiley tədbirində çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Şamxal Məmmədov Naxçıvan Dövlət Universitetinin tarixi inkişaf yoluna nəzər salaraq bildirib ki, ali təhsil ocağında geniş bilik və dünyagörüşü qazanmaq, bacarıq və qabiliyyətləri inkişaf etdirmək, asudə vaxtı maraqlı və mənalı keçirmək üçün hər cür şərait və böyük imkanlar vardır. Prorektor Naxçıvan Dövlət Universitetinin 2014-cü ildə 799 balla, 2017-ci ildə isə 827 balla Azərbaycan Respublikasının ali məktəblərinin reytinq cədvəli üzrə birinci yerə layiq görülməsini bu universitetin artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, rayondakı müəllimlərin, ziyalı və dövlət məmurlarının bir çoxu məhz muxtar respublikanın qabaqcıl ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetinin məzunlarıdır.
Fənlərin tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Maqsudov Naxçıvan Dövlət Universitetinin yerli kadrların hazırlanmasında mühüm rol oynayan bir ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb.
Kəngərli rayon ziyalıları adından çıxış edən Əbülfəz Orucov universitet əməkdaşlarını və ziyalıları ali təhsil ocağının 50 illik yubileyi münasibətilə təbrik edib.
Tədbirdə universitetə aid albom-kitablar da təqdim olunub.
Sonda “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu” adlı filmə baxılıb.
Nərmin CABBAROVA