23 Dekabr 2024, Bazar ertəsi

Anadan olmasının 80, əmək fəaliyyətinin isə 60 illiyi tamam olan Sübhi Kəngərli mədəniyyət sahəsində 50 il səmərəli fəaliyyət göstərmiş ağsaqqal və tanınmış ziyalılarımızdandır.

1966-cı ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində elmi işçi kimi fəaliyyətə başlamış Sübhi Kəngərli muzeyin ilk yaradıcılarından biri olmuşdur. Muxtar respublikanın mədəni həyatında böyük yeri olan görkəmli ədəbiyyatşünas-alim və yaradıcıların daim əlaqə saxladığı bu mədəniyyət ocağının gündən-günə zənginləşməsində Sübhi müəllim böyük xidmətlər göstərmişdir.
Sübhi Kəngərli 1975-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun “Etika və Estetika” üzrə qiyabi aspiranturasını bitirmiş, “Şəxsiyyətin ideya-estetik inkişafında mədəniyyət müəssisələrinin rolu” (Naxçıvan materialları əsasında) mövzusunda elmi-tədqiqat işi yazmışdır.
Sübhi müəllimin mədəniyyət sahəsindəki fəaliyyəti rəngarəng olmuşdur. 1969-1972-ci illərdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, sonralar Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında elmi iş üzrə direktor müavini vəzifələrində işləmişdir. O, harada işləməsindən asılı olmayaraq, özünə qarşı tələbkar olmuş, tapşırılan vəzifələri vicdanla yerinə yetirməyə səy göstərmiş və bunu başqalarından da tələb etmişdir.

1974-1980-ci illərdə indiki Naxçıvan Dövlət Universitetində etika və estetika fənlərini tədris edən, 1980-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində Xalq yaradıcılığı və mədəni-maarif işi üzrə şöbə müdiri vəzifəsinə təyin edilən Sübhi müəllim 1982-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə direktor vəzifəsinə keçirilmişdir. O, 30 il muzeydə direktor vəzifəsində çalışmış, işgüzarlığı ilə fərqlənmişdir. Sübhi Kəngərlinin mədəniyyət sahəsindəki yarıməsrlik fəaliyyətində onun Ədəbiyyat Muzeyində çalışdığı dövr xüsusilə qeyd olunmağa layiqdir.
Muzey işini, muzeydə işləməyi çox sevir Sübhi müəllim. İndi də elədir. O, mədəniyyət, muzey işinə dair müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar edir, muzeylərə tez-tez gedir, həmkarları ilə birlikdə tədbirlər keçirir.
Sübhi Kəngərli elmi-tədqiqat işində də fəallıq göstərir, “Heydər Əliyev muzeylərimizin yaradıcısı və memarıdır”, “Muzey elm və mədəniyyət toplusudur”, “Naxçıvanda Cəlil Məmmədquluzadə muzeyləri”, “Ədəbiyyat Muzeyində Naxçıvan teatrının fondu”, “Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi” kitab və kitabçalarının müəllifidir. İlk məqaləsi 1968-ci ildə “Mədəni-maarif işi” jurnalında dərc olunan Sübhi müəllimin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Naxçıvan Dövlət Universitetinin elmi əsərlərində, dövri mətbuat səhifələrində 100-dən çox məqaləsi dərc olunmuşdur. Hazırda məqalələr toplusunu nəşrə hazırlayır.
Yüksək mədəniyyətə malik, təvazökar bir insan olan Sübhi müəllim bu gün Naxçıvan Dövlət Universitetinin Arxiv işi və muzeyşünaslıq kafedrasının baş müəllimi kimi gənc nəslə, tələbələrə muzey işinin sirlərini öyrədir, bilik və bacarığını, təcrübəsini onlarla bölüşür.
Sübhi müəllimin dediklərindən: “XX əsrin 50-ci illərini xatırlayıram... orta məktəbin yuxarı siniflərindəydim. O illər yaddaşımda həmişəyaşar xatirələr olaraq qalır. Gözəl, lətif müəllimlərimiz var idi Naxçıvan şəhər 2 nömrəli orta məktəbdə... Onlardan indi yalnız biri həyatda qalıb: görkəmli ədəbiyyatşünas Yavuz Axundlu. Sinfimizdə hamı onun dərslərinə, danışığına heyranlıqla qulaq asardı... Məktəbdə ədəbiyyat, bədii özfəaliyyət dərnəyi var idi, mən də dərnəklərdə iştirak edirdim. 1949-1955-ci illərdə məktəblilərin bədii özfəaliyyət olimpiadalarının tərkibində olmuşam... Bakıda keçirilən yekun çıxışlarda iştirak etmişəm. Görkəmli bəstəkar Ramiz Mirişli, Nəriman Məmmədov, vokalist Yaşar Səfərov, Aydın Abbasov, bəstəkar Rəşid Məmmədov və başqalarını xatırlayıram... həmçinin uşaq musiqi məktəbində tar sinfində oxuyurdum, müəllimim görkəmli bəstəkar Bəxtiyar Kərimov idi. Məmməd Məmmədov, Məmməd Ələkbərov, Yusif müəllimdən dərs almışam... sonralar hərbi xidmət... tələbəlik illəri və əmək fəaliyyəti...
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda akademik Firidun Köçərli, Ziyəddin Göyüşov, Şüküfə Mirzəyeva, Babək Qurbanov kimi tanınmış, görkəmli alimlərdən həm elm və bilik, həm də mədəniyyət, “həyat elmlərini” öyrənmişəm.
Fəaliyyət göstərdiyim dövrdə Ədəbiyyat Muzeyinin fəxri üzvləri kimi Abbas Zamanov, Qulam Məmmədli, Lətif Kərimov, Lətif Hüseynzadə, Əziz Şərif, Məmməd Cəfər, Rza və Məmmədhüseyn Təhmasiblər, İsa Həbibbəyli, Yavuz Axundlu, Məmməd Tağı Əhmədov, Vəli Babayev və bir çox başqaları ilə ünsiyyətdə olmuşam. Cəsarətlə deyə bilirəm ki, Ədəbiyyat Muzeyi mənim əsl “məktəbi-tərbiyəm” olmuşdur”.
Sübhi müəllimlə birgə onun ömrünün nə az, nə çox düz 30 il çalışdığı Ədəbiyyat Muzeyinin fond və ekspozisiyalarına baxırıq. Burada qorunub mühafizə edilən çoxlu sayda məktublar, əlyazmalar içində ona ünvanlanan məktublar diqqətimi çəkir. Məmməd Cəfər, Abbas Zamanov kimi görkəmli akademiklərin, tanınmış publisist, teatrşünas, salnaməçi Qulam Məmmədli, görkəmli alimimiz Lətif Hüseynzadənin məktubları Naxçıvanda muzeyşünaslıq işinə, milli mədəniyyətimizin təbliği istiqamətində görülən tədbirlərə alim, ziyalı qiyməti kimi dəyərlidir.
Sübhi Kəngərlinin mədəniyyət, muzey işi sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Məmməd ƏLİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR