Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan II və III kurs tələbələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirliyin və Naxçıvan Dövlət Universitetinin 8 oktyabr 2015-ci il tarixli birgə tədbirlər planı təsdiq edilib, universitetin nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarının tələbələri ilə müxtəlif tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, nazirlik hər il öz iş planına tələbələrin hamiliyi ilə bağlı bənd daxil edir və tələbələrlə görüşlər keçirilir.
Diqqətə çatdırılıb ki, nazirlikdə və Məhkəmə Ekspertiza Mərkəzində olan tələbələr nazirliyin şöbə və bölmələrinin işi ilə maraqlanıb, Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq laboratoriyalarında ekspertiza işlərinin aparılmasında yaxından iştirak ediblər. Həmçinin Naxçıvan Şəhər Bələdiyyəsi və nazirliyin Penitensiar Xidmətində hər iki müəssisənin iş prinsipi ilə tanış olublar.
Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Suliddin Əliyev bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri Səttar Zamanov və Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Elman Abbasov çıxış edərək aidiyyəti sahələr üzrə tələbələrə məlumatlar veriblər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.
Səbuhi HƏSƏNOV