Yarışmadan əvvəl çıxış edən universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev və tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov bildiriblər ki, viktorinanın keçirilməsində məqsəd tələbələrin asudə vaxtlarının səmərəli təşkilindən, onların dünyagörüşünün zənginləşdirilməsindən, intellektinin artırılmasından ibarətdir. Prorektorlar tələbələrə viktorinanın gedişində təqdim olunan sualları diqqətlə cavablandırmağı, verilən vaxtı düzgün dəyərləndirməyi tövsiyə ediblər.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə keçirilən viktorina üç mərhələdən ibarət olub. Tələbələrə, ümumilikdə, 35 sual təqdim edilib. Birinci mərhələdə tələbələrə Naxçıvan, Azərbaycan, Azərbaycan filmləri və musiqiləri, ümumi dünyagörüşü kateqoriyalarından ibarət olan, ikinci mərhələdə informatika və məntiqə, üçüncü – yəni final mərhələsində isə yalnız məntiqə aid daha mürəkkəb suallar təqdim olunub. Birinci və ikinci mərhələlərdə hər sualı cavablandırmaq üçün 1 dəqiqə, sonuncu mərhələdə isə 90 saniyə vaxt verilib. Bilik yarışmasında universitetin 10 fakültəsinin komandası iştirak edib.
Viktorinanın nəticələrinə görə universitetin İqtisad fakültəsi I, Memarlıq və mühəndislik fakültəsi II, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi isə III yerə layiq görülüb.
Nərmin CABBAROVA