23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini və bu mənada, gənc nəsli psixoloji, mənəvi baxımdan hərbi həyata hazır­lamağın vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov “Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi” mövzusunda məruzə edib. Qeyd olunub ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Son illərdə orduya ayrılan xərclər, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir silahlarla komplektləşdirilməsi bunu deməyə əsas verir. Səxavət Salmanov onu da bildirib ki, görülən bu işlər çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.

Xidmətin əməkdaşı, kapitan Elşən Babayev “Naxçıvan Muxtar Respublikasında çağırış kampaniyalarının keçirilməsi” adlı məruzəsində müstəqil Azərbaycanda nizami ordu quruculuğunun müəllifi olan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında görülən işlərdən, Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə çağırış kampaniyasının yüksək səviyyədə təşkilindən danışıb.
Xidmətin əməkdaşı, kapitan Vüsal Əliyev “Həqiqi hərbi xidmətin növləri” adlı məruzəsində qeyd edib ki, Azərbaycan Respublikasında çağırışaqədər yaş həddində olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli Qanununa əsasən həyata keçirilir və respublikanın müdafiə siya­səti ölkəmizin hərbi və digər sahələrində maraqlarının təmin olunmasına yönəlib. Milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində həlledici rol isə dövlətin Silahlı Qüvvələrinə məxsusdur.
Universitetin Çağırışaqədərki hazır­lıq və mülki müdafiə kafedrasının müəllimi Vidadi Salmanov “Azərbaycan hərbi qanunvericiliyi və onun vəzifələri” adlı məruzəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik prinsip və ənənələrinin qorunması naminə həyata keçirilən zəruri tədbirlərdən danışaraq bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 8 iyun 2010-cu il tarixdə təsdiq olunmuş, dövlətin, cəmiyyətin maraqlarını əks etdirən milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olan, hərbi siyasətin əsaslarını müəyyənləşdirən strateji əhəmiyyətli sənəd – Azərbaycan Respublikasının Hərbi Doktrinasının qəbulu ölkənin beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində atılan vacib və təxirəsalınmaz bir addımdır.
Sonda tələbələrin sualları cavablandırılıb.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR