“Naxçıvan” Universitetində görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun anadan olmasının 105 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açıb.
Konfransda universitetin müəllimləri Təranə Qəbulovanın “Abbas Zamanovun yaradıcılıq yolu”, Rəna Əliyevanın “Abbas Zamanov haqqında xatirələr”, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “Abbas Zamanov M.Ə.Sabir irsinin tədqiqatçısı kimi”, Anar Abuzərlinin “Ədəbi-mədəni, nəzəri fikir tarixində Abbas Zamanov imzası” mövzularında çıxışları olub.
Bildirilib ki, Abbas Zamanovun çoxşaxəli fəaliyyəti ədəbiyyatşünaslıq elmimizin inkişafında ayrıca bir mərhələ təşkil edir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatının, yaradıcılıq fəaliyyətinin öyrənilməsi və təbliğ edilməsində Abbas Zamanovun çox böyük rolu vardır. Bütün mənalı həyatını Azərbaycan ədəbiyyatşünaslığının inkişafına, ədəbi irsimizin öyrənilməsinə, təbliğinə həsr edən fədakar alim haqqında bir çox tədqiqat əsərləri yazılıb, onun həyat və fəaliyyəti araşdırılıb.
Sonda tədbir iştirakçıları Abbas Zamanovun həyat və fəaliyyətini əks etdirən slayda baxıblar.
Nuray ƏSGƏROVA