23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində bu mövzuda elmi konfrans keçirilib

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov dilin xalqların həyatındakı rolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı əvəzsiz xidmətlərindən, eləcə də xarici dillərin tədrisinin və öyrənilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı, dünya xalqlarına milli mədəniyyəti, tarixi, adət-ənənələri çatdırmaq və təbliğ etmək üçün müfəssəl bir vasitədir.
Rus dili və ədəbiyyatı kafedrasının dosenti Qurban Qurbanlı “Naxçıvan Dövlət Universitetində xarici dillər üzrə mütəxəssis hazırlığı: tarix, reallıqlar və perspektivlər” adlı məruzəsində bildirib ki, Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetində ingilis, fransız, alman, rus, ərəb və fars dilləri olmaqla, altı xarici dil üzrə pedaqoji və tərcümə yönlü mütəxəssis hazırlığı aparılır. 2012-2013-cü tədris ilində isə İngilis dili müəllimliyi ixtisası üzrə qiyabi təhsil formasında kadr hazırlığına başlanıb, eləcə də əlavə ali təhsil qaydasında da İngilis dili müəllimliyi ixtisası üzrə kadr hazırlığı işi həyata keçirilir. Ali məktəbin müəllimləri müxtəlif beynəlxalq layihələr çərçivəsində Avropa ölkələrinin qabaqcıl tədris ocaqlarında təcrübələrdə olub, oradakı tədris prosesində iştirak edib, dil laboratoriyaları və sinxron tərcümə kabinələrinin işi ilə yaxından tanış olublar.

Azərbaycan dilçiliyi kafedrasının professoru Sədaqət Həsənova “Xarici dillərin tədrisində ana dilinin yeri və rolu” adlı məruzəsində diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan Respublikası inkişafının yeni mərhələsini yaşayır və belə bir mərhələdə müxtəlif xarici dillər bu inkişafdan kənarda qala bilməz. Professor vurğulayıb ki, bəşəri dəyərlər milli dəyərlərin iflasına gətirib çıxarmamalıdır, əksinə, müəllim bildiklərini milli dəyərlər əsasında tətbiq etməyi bacarmalıdır.
İngilis dili və metodika kafedrasının müdiri Mirhəsən Eminov “Xarici dil kimi ingilis dilinin tədrisi metodikasının aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans “İngilis dili və onun tədrisi”, “Rus dili və onun tədrisi”, “Roman-german dilləri və onların tədrisi” adlı bölmə iclasları ilə işini davam etdirib.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR