Elm, təhsil sahəsində əhəmiyyətli nəticələrə imza atan Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə inteqrasiya məqsədilə beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirilir.
Universitetin uğurla təmsil olunduğu beynəlxalq layihələrdən biri də Şərq Tərəfdaşlığı ölkələri universitetlərinin tələbə və əməkdaşlarının Avropada təhsil almaq və ya təlim keçmək imkanlarını daha da genişləndirməyə xidmət edən “Erasmus+” layihəsidir. 150 tərəfdaş ölkəni birləşdirən bu layihəyə beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılıb. 2014-2020-ci illəri əhatə edəcək “Erasmus +” layihəsi qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Jean Monnet fəaliyyət proqramı, kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərini özündə cəmləşdirir. Layihə çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Çexiya Respublikasının Olomouç şəhərinin Karitas Sosial İş Kolleci arasında əməkdaşlıq uğurla davam etdirilir. 2016-cı ilin sentyabr ayında kollecin iki nəfər müəllimi – Tereza Malokova və Lenka Gaaman Naxçıvan Dövlət Universitetində olub, müəllim və tələbələrlə görüşüblər.
Naxçıvan Dövlət Universitetinin əməkdaşları, tərbiyə işləri üzrə prorektor, dosent Şamxal Məmmədov, İngilis dili və metodika kafedrasının müdiri Mirhəsən Eminov isə bu günlərdə “Erasmus+” beynəlxalq mobillik layihəsi çərçivəsində Çexiya Respublikasının Olomouç şəhərində keçirilən humanitar seminarda iştirak ediblər.
Azərbaycan, Hindistan, Moldova, Şri-Lanka, Meksika kimi tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin alimlərinin iştirak etdiyi təlim-seminarın əsas məqsədi tərəfdaş ölkələr arasında sosial və humanitar işlərlə bağlı bilik və təcrübə mübadiləsi idi. Karitas Sosial İş Kollecində təşkil edilən ongünlük təlim-seminarda ilk olaraq kollecin rəhbərliyi və heyəti ilə görüş keçirilib, qonaqlara Çexiya Respublikasının ali təhsil sistemi, təhsilin pillələri və kollec haqqında məlumat verilib. Karitas Sosial İş Kollecinin layihə üzrə yerli koordinatoru layihənin məqsəd və vəzifələrindən bəhs edərək bildirib ki, “ Erasmus+” beynəlxalq mobillik layihəsi Azərbaycan, Hindistan, Şri-Lanka, Meksika, Moldova və Çexiya Respublikası kimi tərəfdaş ölkələrin ali təhsil müəssisələri arasında sosial və humanitar məsələlər üzrə əməkdaşlığın uğurla davam etdirilməsini, bilik və təcrübələrin bölüşdürülməsini, tələbə və müəllim mübadiləsini nəzərdə tutur. Təlim-seminarın ilk günündən etibarən bütün tərəfdaş ölkələrin nümayəndələri öz təhsil sistemləri, sosial-humanitar məsələlərlə bağlı, o cümlədən keçmiş məhbuslar, ehtiyacı olan insanlar və xəstələr evi barədə geniş fikir mübadiləsi aparıblar. Tədbir iştirakçıları Olomouç şəhərinin bələdiyyə başçısı ilə də görüşüblər.
Təlim-seminarda Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Dondurulmuş münaqişələrlə bağlı humanitar və sosial işçilər üçün çağırış: Dağlıq Qarabağ kontekstində” mövzusunda məruzə edib, verilən sualları cavablandırıb. Şamxal Məmmədov dünyadakı münaqişələrin tarixi kökləri, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, onların deportasiya, soyqırımı, terror siyasəti, torpaqlarımızın 20 faizinin işğalı, qaçqın və məcburi köçkün problemi, eləcə də məcburi köçkünlərə dövlət tərəfindən göstərilən sosial-humanitar dəstək və qayğı haqqında geniş məlumat verib. Tarixi faktlar əsasında, müxtəlif elmi mənbələrə istinad edilərək hazırlanan məruzə böyük maraqla qarşılanıb.
İngilis dili və metodika kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminov video və slaydlardan istifadə edərək Naxçıvan Muxtar Respublikası və Naxçıvan Dövlət Universiteti haqqında ətraflı məlumat verib.
Mehriban SULTAN