23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin kitabxanasından reportaj

Sayca getdiyim onlarla kitabxanadan birindəyəm. Bu, doğrudur ki, bütün obyekt və müəssisələr həyata keçirdiyi işə uyğun olaraq dizayn edilir, orada həmin işin nəfəsi duyulan ab-hava yaradılır. Təbii ki, bu ənənəyə kitabxanalarda da rast gəlirik. Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının qapısından içəri keçdiyimiz zaman ilk olaraq kitabxananın internet saytı qeyd edilmiş vərəqdən hiss olunur ki, bura digərlərindən bir qədər fərqlənir. Kitabxanaya daxil olan oxucu girişdə yerləşdirilmiş qurğu vasitəsilə əvvəl kitabların kataloqu ilə tanış olur və onun vasitəsilə lazımi ədəbiyyatları axtarıb tapır. Oxuculara müasir formada xidmət göstərən bu kitabxana haqqında məlumatlanmağa tələsirəm.

Kitabxananın direktoru Fariz Əhmədov bildirir ki, kitabxanalar öz fəaliyyətləri ilə bağlı, əsasən, 3 vəzifəni yerinə yetirirlər: informasiya daşıyıcılarını əldə etmək, kitabxana fondlarını yaratmaq və qaydaya salmaq, kitabxanada toplanmış informasiya daşıyıcılarından istifadəni təşkil etmək.
Müsahibim deyir ki, tarixən kitabxana fondları mədəniyyətin, təhsilin, biliyin qızıl fondları kimi qiymətləndirilib, onların əsas daşıyıcıları hesab edilmiş kitabxanalar isə elmi kəşfləri, intellektual nailiyyətləri, cəmiyyətin yaratdığı bütün informasiya daşıyıcılarını gələcək nəsillərə çatdıran mühüm mədəniyyət mərkəzi kimi səciyyələndirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında oxuculara yüksək səviyyəli xidmət göstərilir. Ona görə də ildən-ilə oxucuların sayı artır. 1968-ci ildə 370 kitabla fəaliyyətə başlayan kitabxanada hazırda 160 mindən çox fondla 15 mindən artıq oxucuya xidmət göstərilir. Hər gün isə oxucular tərəfindən orta hesabla 200-ə yaxın kitabdan istifadə olunur.
Kitabxanada “Ədəbiyyatın elmi kataloqlaşdırılması”, “Kitabxana proseslərinin avtomatlaşdırılması”, “Komplektləşdirmə və kitabişləmə”, “Xidmət və biblioqrafiya” olmaqla, 4 şöbə fəaliyyət göstərir.
Kitabxana ölkəmizdə fəaliyyət göstərən belə mədəniyyət müəssisələri ilə yanaşı, İran Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Misirin İsgəndəriyyə Kitabxanası başda olmaqla, 20 ölkənin 35 kitabxanası ilə beynəlxalq informasiya mübadiləsi aparır.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan universitet kitabxanasının binası 2013-cü ildə yenidən təmir edilərək Elektron kitabxana adını alıb. Elektron kitabxana fasiləsiz mütaliə üçün lib.ndu.edu.az ünvanında öz saytını yaradıb.
Öyrənirəm ki, kitabxananın birinci mərtəbəsində ictimai-siyasi elmlərə aid 10 mini xarici, 20 mini Azərbaycan dilində olmaqla, 30 minə yaxın ədəbiyyat yer alıb. Buradakı oxu zalında əyləşən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə dördüncü kurs tələbəsi Rəhim Nəcəfovla həmsöhbət oluruq:
– Bədii ədəbiyyatı çox sevirəm. Ancaq düzünü deyim ki, çox nadir hallarda belə kitabları əldə etmək üçün kitabxanalara üz tuturam. Çünki bədii ədəbiyyat nümunələrini çox yerdən asanlıqla əldə etmək mümkündür. Elmi kitablar isə əksinə, onların tapılması bir qədər çətindir və qiymətləri də əlverişli deyil. Buraya ilk dəfə qrup yoldaşımın məsləhəti ilə gəldim. Axtardığım ədəbiyyat kitabxana fondunda olmadığından işçilər kitabxananın direktoru Fariz Əhmədova müraciət etməyimi məsləhət gördülər. O, əməkdaşlıq etdikləri bəzi kitabxanalarla əlaqə saxlayaraq lazım olan ədəbiyyatı tapmağıma kömək etdi. Oxucuların tələbatı və istəyinə xidmət edən bu kitabxanadan, inanıram ki, əliboş çıxan oxucu olmaz.
İkinci mərtəbədə dəqiq və texniki elmlərə dair ədəbiyyatlar yer alıb. Belə ki, oxuculara 15 minə yaxın ədəbiyyatdan istifadə etmək imkanı yaradılıb.
Kitabxananın üçüncü mərtəbəsində yerləşən ədəbiyyatşünaslıq fondunda 90 minə yaxın kitab var. Burada ali təhsil müəssisəsinin Tarix-filologiya fakültəsinin Tarix ixtisası üzrə birinci kurs tələbəsi Altay Cəfərli ilə söhbətləşirik:
– Ədəbiyyatçı ailəsində dünyaya göz açdığımdan bu sahəyə böyük marağım var. Daha çox dünya ­klassik­ ədəbiyyatı incilərinə ma­raq­lıyam. Həmin ədəbiyyatları tapmaq üçün Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasına da müraciət edirəm.
Dördüncü mərtəbədə yaradılmış xarici ədəbiyyat fondunda isə 15 min ədəbiyyat istifadədədir. Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq ixtisası üzrə üçüncü kurs tələbəsi Sədayə Qurbani ilə söhbətləşib burada axtardığı ədəbiyyatı soruşuruq.
– Əvvəldən bu kitabxanadan istifadə etsəm də, xarici ədəbiyyat fondundan yararlanmağa bir neçə aydır ki, başlamışam. Rus dili üzrə hazırlıq kursuna gedirəm və bu xarici dili öyrənməyi qarşıma məqsəd qoymuşam. Buna görə də vaxt tapdıqca buraya üz tutur, lüğətlərdən, eyni zamanda rus dilində olan bəzi vəsaitlərdən istifadə edir, mətnlər tərcümə edərək kursda öyrəndiklərimi daha da təkmilləşdirirəm.
Kitabxananın elektron informasiya zalı 19 kompüterlə universitetin bütün tələbə və müəllim heyətinə, bura müraciət edən digər oxuculara xidmət göstərir. İnternetdən istifadə imkanları məhdud olan bir çoxları buraya gələrək sosial şəbəkələr istisna olmaqla, axtardıqları materialları internet vasitəsilə əldə edə bilərlər. Universitetdə təhsil alan əcnəbi tələbələr mütəmadi şəkildə kitabxanaya üz tutur, buranın ödənişsiz internet imkanlarından yararlanırlar.
Dövri mətbuat fondunda qəzet və jurnalların nüsxələri saxlanılır. Kitabxana 35 adda qəzet və jurnala abunə yazılıb, 170 adda müxtəlif dillərdə jurnal isə kitabxanaya hədiyyə olunub.
Depazitar fondunda isə tələbat az olan kitablar toplanır, daha çox istifadə edilən, gündəmdə olan ədəbiyyatlar önə çıxarılır. Burada 13 minə yaxın elmi, tarixi və bədii ədəbiyyat saxlanılır.
... Bu gün Azərbaycan gəncliyinin mütaliəyə marağı necədir? Fərq etməz, internet üzərindən, yaxud da əyani şəkildə, əsas odur ki, kitab oxuyur, onlardan nəsə axtarıb tapır, dünyagörüşlərini formalaşdırır, bilik çərçivələrini genişləndirirlər. Bu, çox sevindirici haldır. Keçmişə qısa nəzər salıb onu bu günümüzlə müqayisə etsək, görərik ki, o zamandan indiyəcən saymaqla bitməyəcək qədər çox şey dəyişib. Mövzumuz kitablar və kitabxanalar olduğundan bu sahədə müqayisələrə yer verək. Məsələn, keçmişdə kitabların sayı çox məhdud idi, lakin indi istifadəmizə verilən kitabların sayı kifayət qədərdir. Nəinki Azərbaycan ədəbiyyatı, hətta dünya ədəbiyyatı incilərinin nümunələri də xidmətimizdədir.
Deyilənə görə, sual da bilikdən doğar, cavab da. Doğrudur, bilməmək eyib deyil, soruşmamaq eyibdir, lakin bəzi məqamlarda cavab və ən əsası da həmin sual üzərində müzakirələr aparmaq üçün verdiyimiz sual haqqında cüzi də olsa, məlumatımızın olması şərtdir. Əks halda, üzvü olduğumuz cəmiyyətdə özümüzə layiqli yer tuta bilmərik.

Necə ki insan dəyişir, eləcə də insan psixologiyası da dəyişib inkişafetmə təkamülünü yaşayır və bu dəyişim qismən də olsa, kitablara sığınır. Ümumiyyətlə, mütaliənin faydaları saymaqla bitməz. Oxuduğumuzdan nəsə anlaya, nəticə götürə bilmişiksə, deməli, düşündüyümüzdən də çox şey qazanmışıq. Kitablar insanların süurunu inkişaf etdirir, onlara, bir növ, ağla qaranı bir-birindən ayırd etməyi öyrədir və gələcəkdəki planlarına, açılan sabahlarına bilavasitə öz təsirini göstərir. Açılan nurlu sabahların sirrini kitablarda axtarmaq necə fikirdir? 

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR