Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində orta ümumtəhsil məktəbləri hərbi rəhbərlərinin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfrans keçirib.
Konfransda təhsil naziri Məmməd Qəribov məruzə ilə çıxış edib. Bildirilib ki, muxtar respublikada tikilən və ya əsaslı şəkildə yenidən qurulan ümumtəhsil məktəbləri ən yeni informasiya texnologiyaları ilə yanaşı, müasir tələblərə cavab verən hərbi kabinələrlə də təchiz olunurlar. Həmin kabinələr şagirdlərin hərbi biliklərinin artırılmasına xidmət edən əyani vəsaitlərlə təmin edilirlər.
Hərbi rəhbərlərin biliklərinin artırılması, Əlahiddə Ümumqoşun Ordusunda olan silah və texnikalarla, eyni zamanda hərbi xidmətkeçmə haqqında əsasnamə ilə onların tanış edilməsi məqsədilə 23-26 mart 2016-cı il tarixdə Naxçıvan şəhərindəki “N” hərbi hissədə hərbi rəhbərlərin təlim toplantısı keçirilib. Bununla yanaşı, 23 aprel 2016-cı il tarixdə muxtar respublika ümumtəhsil məktəblərində işləyən 201 hərbi rəhbərə mövsümi geyim forması verilib.
Muxtar respublikamızda bu sahədə yaradılmış şərait və həyata keçirilən tədbirlər ümumtəhsil məktəblərində fəaliyyət göstərən hərbi rəhbərlərin işlərinə daha məsuliyyətlə yanaşmaları üçün stimul yaradıb. Elə bunun nəticəsidir ki, bu sahə üzrə təhsil almaq məqsədilə ali hərbi məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə sənəd verən məzunlarımızın sayı ilbəil artmaqdadır. Belə ki, 2016-cı ildə məzunlarımızdan 191 nəfəri xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 63 nəfəri müxtəlif ali hərbi məktəblərə qəbul olunublar.
Bildirilib ki, muxtar respublikada aparılan uğurlu ordu quruculuğu gənclərin hərbi təhsil sahəsinə marağını xeyli artırıb. Bunun nəticəsidir ki, bu il Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 952 şagird sənəd verib. Lakin onların yalnız 622 nəfəri hərbi tibbi komissiyadan keçərək imtahanlarda iştirak etmək hüququ qazanıb. Həmin şagirdlərdən 558-i imtahanlarda iştirak edib, onlardan 152 nəfəri keçid balını toplaya bilib.
Qeyd olunub ki, xüsusi təyinatlı ali hərbi məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə qəbul prosesində qazanılmış uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Belə ki, hələ də bəzi məktəblərimiz bu mühüm məsələnin yüksək səviyyədə həllində lazımi qədər fəal deyillər. Belə ki, Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd vermə prosesində muxtar respublika üzrə, ümumilikdə, 28 ümumtəhsil məktəbi iştirak etməyib.
“2016-2017-ci tədris ilində bu məsələ çox ciddi nəzarətə götürüləcək, daha yaxşı nəticə əldə olunması üçün yaradılmış imkandan maksimum istifadə olunacaqdır”, – deyən Məmməd Qəribov diqqətə çatdırıb ki, ümumtəhsil məktəblərimizin ali hərbi məktəblərə və hərbi liseyə qəbul prosesində aşağı nəticə göstərməsinin və yaxud qəbul verməməsinin səbəbləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollegiyasında müzakirə olunub və bir çox qərarlar qəbul edilib.
Sadalanan nöqsanlardan aydın olur ki, məktəb rəhbərləri öz işlərində dönüş yaratmalıdırlar. Şəhər və rayonlarımızda işinin öhdəsindən lazımi səviyyədə gəlməyən, vəzifə məsuliyyətini dərindən dərk etməyən, məktəbi doğma evi, ocağı bilməyən məktəb direktorları və hərbi rəhbərlər bu haqda dərindən düşünməli və ciddi nəticə çıxarmalıdırlar.
Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanovun, Əlahiddə Ümumqoşun Ordu komandanının şəxsi heyət üzrə müavini, general-mayor Vasif Kazımovun, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Elman Orucovun, Şərur Rayon Təhsil Şöbəsinin metodisti Nəriman İsmayılovun, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin hərbi rəhbəri Əfqan Teymurovun çıxışları olub.
Çıxışlarda muxtar respublikanın tam orta məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu fənnin tədrisində müşahidə olunan nöqsanlar, həmin nöqsanların aradan qaldırılması yolları barədə danışılıb. Qeyd olunub ki, gənclərin çağırışaqədərki hazırlığı fənni həm gənclərin fiziki və hərbi-vətənpərvərlik tərbiyəsində, həm də ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət daşıyır. Fənn müəllimləri öz işlərini tələb olunan səviyyədə qurmalı, konfransda deyilən nöqsanların tezliklə aradan qaldırılmasına nail olmalıdırlar.
Xəbərlər şöbəsi