23 Dekabr 2024, Bazar ertəsi

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Naxçıvan Dövlət Universitetində olub. 

Universitetlə tanışlıq zamanı qonaq İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində müasir elektron təhsil şəbəkəsinin idarə olunması prosesini izləyib. Qonağa universitetin Media Mərkəzi, buraya daxil olan Universitet televiziyası, “Nuhçıxan” radiosu haqqında ətraflı məlumat verilib. Əhməd Sami Elaydi tədris ocağının Elmi kitabxanası ilə də tanış olub.
Sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Ərəb dili ixtisasının müəllim və tələbələri ilə görüş keçirilib.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid tədbir iştirakçılarına qonaq haqqında məlumat verərək bildirib ki, Əhməd Sami Elaydi Misirin Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin məzunudur. Həmin universitetin Türk dili və ədəbiyyatı kafedrasında çalışıb. 1998-ci ildən etibarən ali məktəbdə Azərbaycan dili tədris olunmağa başlanılıb və o, Azərbaycan dilini öyrənib. 2000-ci ildə Ayn-Şəms Universitetinin Şərq dilləri bölməsinin Türk dili şöbəsini bitirib, 2006-cı ildə həmin universitetin Türk dili şöbəsində “Qaçaq Nəbi dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi” mövzusunda magistr dissertasiyası, 2010-cu ildə Bakı Dövlət Universitetində “Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri” adlı dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox Azərbaycan yazıçısının yaradıcılığını tədqiq edib, 100-dən çox tələbəyə Azərbaycan dilini öyrədib.
Prorektor ali təhsil ocağının beynəlxalq əlaqələri, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində həyata keçirilən layihələrdən danışaraq bildirib ki, ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur.
Əhməd Sami Elaydi Ayn-Şəms Universiteti haqqında ətraflı məlumat verib. Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin mədəniyyət attaşesi Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının universitetləri ilə Misir universitetləri arasında elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində, qarşılıqlı müəllim-tələbə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini diqqətə çatdırıb.
Əhməd Sami Elaydi tələbələri maraqlandıran sualları cavablandırıb.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR