Bu günlərdə paytaxt Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergilər” mövzusunda onuncu olimpiada keçirilib.
Artıq ənənə halını alan, Vergilər Nazirliyinin təbliğat və maarifləndirmə sahəsində təhsil müəssisələri ilə əməkdaşlığını inkişaf etdirməyə, tələbələrin elmi-nəzəri biliklərini möhkəmləndirməyə xidmət edən olimpiadada bu il ölkənin 15 ali məktəbinin 300-dək tələbə və magistrantı iştirak edib. Naxçıvan Dövlət Universitetinin tələbələri olimpiadadan qələbə ilə dönüblər.
Olimpiada iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin foyesindəki büstü önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Tələbələrə Vergi Məcəlləsinin ümumi və xüsusi hissələrini əhatə etməklə hər biri ayrı-ayrılıqda 45 sual, 10 məsələ təqdim edilib. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.
Obyektiv və gərgin mübarizə şəraitində keçən olimpiadada Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin İqtisadiyyat ixtisası üzrə dördüncü kurs tələbəsi Mahir Mehdiyev 100 sualdan 96 suala düzgün cavab verərək birinci yerin qalibi olub. Universitetin həmin ixtisas üzrə üçüncü kurs tələbəsi Zeynalabdin Cəfərov isə 93 sualı düzgün cavablandırmaqla üçüncü yerə layiq görülüb. Naxçıvan Dövlət Universitetinin İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə II kurs magistrantı Qənbər Məmmədli 87 sualı cavablandıraraq üçüncü yerdə qərarlaşıb.
Muxtar respublikada fəaliyyət göstərən digər ali məktəb – “Naxçıvan” Universiteti də olimpiadada uğurla təmsil olunub. Universitetin tələbələri 300 tələbə arasında yeddinci yeri tutaraq bu ali təhsil ocağının 15 universitet arasında dördüncü yerdə qərarlaşmasına müvəffəq olublar.
Olimpiadanın yekununda birinci yeri tutmuş tələbə və magistrantların müəllimləri, o cümlədən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi İsmayıl Bağırov da xüsusi diplomla təltif olunub.
Mehriban SULTAN