AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində kənd təsərrüfatı heyvanları və quşlarının sarcosporidiozu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlər daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır.
Sonra AMEA Naxçıvan Bölməsində 2016-cı ildə görülmüş elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun çıxışı dinlənilib.
İclasda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin vəziyyəti haqqında laboratoriya rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov məlumat verib. Bildirib ki, laboratoriyada bir iş 4 mərhələdə yerinə yetirilib. Tədqiqat ilində Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış bəzi dərman bitkilərinin biomorfoloji və tibbi xüsusiyyətləri, dərman kimi istifadəsi təhlil edilməklə, inkişaf dinamikası, yayılması, fitokimyəvi tərkibi, elmi və xalq təbabətində istifadə imkanları öyrənilib. Əməkdaşlar tərəfindən il ərzində aparılan tədqiqatlarla bağlı 10 elmi və 1 qəzet məqaləsi nəşr edilib, 9 elmi məqalə isə nəşrə təqdim olunub.
İclasda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçiləri, aqrar elmlər üzrə fəlsəfə doktoru Günel Seyidzadənin və biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun 2016-cı ilə aid elmi hesabatları dinlənilib.
Müzakirəyə çıxarılan digər məsələ dissertasiya mövzularının adında dəyişiklik edilməsi haqqında olub. Məsələ ilə bağlı bölmənin Təhsil və kadrlar şöbəsinin rəisi Fillurə Sadıqova məlumat verib.
İclasın sonunda təşkilati məsələlərə baxılıb.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi