Bu gün müasir dünyada baş verənlər sərbəst düşünmək və fəaliyyət göstərmək qabiliyyətinə yiyələnmiş, müstəqil həyata hazır olan insanların yetişdirilməsi zərurətini meydana çıxarır. Çünki bir çox taleyüklü vəzifələr yaxın gələcəkdə bugünkü gəncliyin öhdəsinə düşəcəkdir. Elə bu səbəbdəndir ki, muxtar respublikamızın ali, orta ixtisas və orta təhsil müəssisələrində olduğu kimi, məktəbəqədər təhsil ocaqlarında da tərbiyə və təlim işinin düşünülmüş sistemi yaradılmaqdadır.
Məktəbəqədər təhsil ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və zehni inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır.
Təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Buraya cəmiyyətin tələbatına görə dövlət standartları əsasında optimal müəyyənləşdirilmiş məzmun, çevik qiymətləndirmə modelləri, peşəkar pedaqoji heyət, əlverişli maddi-texniki baza və sair daxildir. Lakin bütün bu amillər olduqda belə, təhsil pillələri və səviyyələri arasında varislik təmin edilməzsə, keyfiyyət və səmərəliliyin reallığa çevrilməsində boşluqlar yaranır. Varislik, ilk növbədə, inkişafa xidmət etməli, hər hansı bir nəticə özündən əvvəl gələnin mahiyyətcə zənginləşməsinə və əhatə dairəsinin genişlənməsinə yönəlməlidir. Belə ki, bir pillədən digər pilləyə, bir səviyyədən digər səviyyəyə keçid zamanı əvvəlki pillə və səviyyələrdə qazanılmış bilik, bacarıq və nəticələrin nəzərə alınmaması varisliyin pozulmasına gətirib çıxarır. Bu baxımdan məktəbəqədər müəssisədən məktəbə keçid prosesində mövcud boşluqların, qarşıya çıxan çətinliklərin aradan qaldırılması hər zaman həllivacib məsələlərdən olub.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil təhsilin ilkin pilləsidir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Qərarından əvvəl uşaqların xeyli hissəsi məktəbəqədər təhsil mərhələsini, eləcə də məktəbəhazırlıq dövrünü keçmədən birbaşa məktəbə qəbul edilirdilər. Bu, uşağın məktəbə hazırlanma sistemində varisliyin pozulmasına gətirib çıxarırdı. Ancaq adıçəkilən qərardan sonra cari ilin oktyabr ayının 3-dən başlayaraq muxtar respublikanın 121 ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Bununla da, ibtidai təhsil məktəbəqədər təhsil və məktəbəhazırlıq təliminin davamı kimi vahid sistemdə birləşdirilib, uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazırlığının əsası qoyulub. Məktəblərdə təşkil edilən qruplarda beşyaşlı uşaqların psixoloji, fiziki inkişafına xüsusi diqqət yetirilməsinə başlanılıb. Bundan başqa, beşyaşlıların məktəb təliminə hazırlığı sahəsində aparılan işin səmərəliliyinin təmin edilməsi üçün müasir tələblərə uyğun metodik vəsaitlər və didaktik materialların hazırlanması, məktəbəqədər müəssisələrin və məktəblərin müasir avadanlıqlarla – kompüter, proyektor, videokamera, disklər, kasetlər və sairlə təchiz olunması təmin edilib. Beşyaşlıların təlim-tərbiyəsinin təsdiq edilmiş proqram üzrə təşkili sahəsində ciddi addımlar atılır. Təlim-tərbiyə zamanı uşaqların yaş və fizioloji imkanları, idraki, mənəvi və fiziki inkişafı nəzərə alınır.
Hazırda muxtar respublikanın şəhər və rayonlarında 2800-dən çox beşyaşlı uşaq ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilib. Ötən günlərdə məktəbəhazırlıq qruplarında təlimin təşkili ilə tanış olmaq üçün Naxçıvan şəhərinin bir neçə tam orta məktəbində olduq, dərslərin gedişi ilə maraqlandıq. İlk baş çəkdiyimiz ünvan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb oldu. Bu məktəbdə hər cür şəraitlə təmin edilmiş 2 qrupda dərslər aparılırdı. Məktəbin direktoru Sevil Salayeva dedi ki, hər həftənin 4 günü ərzində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Bütün ümumtəhsil məktəblərində olduğu kimi, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılmış məktəbəhazırlıq qruplarına da 5 yaşı bu il tamam olmuş uşaqlar qəbul edilib. Həmin qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Gün ərzində 3 məşğələ tədris olunur. Məşğələnin müddəti 30, məşğələlərarası fasilə 10 dəqiqədir. Bu qruplarda təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmayıb. Məktəbəhazırlıq qruplarında məşğələləri aparmaq məqsədilə təcrübəli ibtidai sinif müəllimləri seçilib və onlar kurslara cəlb olunublar.
Məşğələni aparan ibtidai sinif müəllimi Aysel Cabbarova dedi ki, I sinfə gələnlərin səviyyəsinin müxtəlif olması müəllimin işini xeyli çətinləşdirir, ümumi işi ləngidir. Hazırlıqsız uşaqlarla iş çox vaxt aparır, digər uşaqlar dərsdə baxımsız qalırlar və təlim, məktəb onlar üçün maraqsız olur. Pedaqoji maarifə cəlb edilməmiş, pedaqoji-psixoloji biliklərdən xəbəri olmayan valideynlərin öhdəsinə buraxılmış uşaqlar, şübhəsiz, məktəbə lazımınca hazır gələ bilməzlər. Ailələrdə, həmçinin bəzi uşaq bağçalarında ara-sıra, təsadüfən təlimə hazırlıq xarakterli məşğələlərə cəlb edilən uşaqlar, demək olar ki, bütün parametrlər üzrə hazırlığın tələblərinə cavab verə bilmirlər. Bu baxımdan beşyaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsi təkcə valideynlərin deyil, ibtidai sinif müəllimlərinin də işini xeyli asanlaşdırır.
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə gəlişimiz məktəbəhazırlıq qrupunun “Ətraf aləmlə tanışlıq” məşğələsinə təsadüf etdi. Müəllim Könül Hüseynova elektron lövhə və digər müasir tədris vəsaitlərilə məşğələni aparır, uşaqların suallarına böyük həvəslə cavab verirdi. Beşyaşlı uşaqların məşğələsi, həqiqətən də, çox maraqlıdır. Bu qruplara cəlb olunan uşaqlar bəzən suallara tez cavab vermək üçün lövhənin qarşısına qədər gəlir, bəzən sualı yerlərindən cavablandırır, bəzən küsür, bəzən də gülürlər. Məşğələdə onlar üçün tam sərbəstlik təmin edilmişdi.
Adıçəkilən məktəbəhazırlıq qrupunda müəllimin suallarını tez və dəqiq cavablandırması ilə diqqətimizi çəkən Fatimə Məmmədovadan “Bura xoşuna gəlirmi?” deyə soruşanda dedi ki, bura çox yaxşıdır, çox şey öyrənirik, müəlliməmiz də bizi darıxmağa qoymur.
Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə də məşğələlərin öz axarı ilə davam etdiyinin şahidi olduq. Övladı ilə bərabər məşğələdə iştirak edən Dilarə Rəsulova bir ana kimi övladının bu qədər qısa müddətdə çox şey haqqında məlumatlı olmasından razılığını bildirdi. Dedi ki, məktəblərdə tamamilə dövlət vəsaiti hesabına belə qrupların yaradılması bir valideyn kimi onu çox sevindirib. Tam əmindir ki, övladı məktəbə gedəndə onun hazırlıq baxımından heç bir çətinliyi olmayacaq. Əvvəllər düşünürdü ki, 5 yaşında övladını hansısa bir repetitor yanına göndərsin. Təbii ki, bunun ailə büdcəsinə də təsiri olacaqdı. Ancaq dövlətimizin uşaqlara qayğısı sayəsində onun və onun kimi yüzlərlə valideynin bu çətinliyi aradan qaldırılıb.
Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbdə apardığımız müşahidələr də maraqlı oldu. Beşyaşlı uşaqlardan Murad Oruclu, Nail Süleymanlı, Nərmin Xudiyeva, Sevda Mustafayeva, Aysu İbrahimli məşğələlərdə fəallıq nümayiş etdirir, kənardan onları izləyən valideynlərini sevindirirdilər. 15 uşağın olduğu məktəbəhazırlıq qrupunun rəhbəri Gülbəniz Məmmədova isə söhbət zamanı dedi ki, məktəb təliminə hazırlıqsız olan uşaqlar I sinifdə həmyaşıdlarından geri qalırlar. Bu, onların öz imkanlarını aşağı qiymətləndirməsinə, dərslərində davamlı müvəffəqiyyətsizliklərə və məktəbə uyğunlaşmamasına səbəb olur. Məktəbə tam hazır gələn uşaqlar isə yeni şəraitə daha rahat və qısa müddət ərzində alışır, proqram materialını çətinlik çəkmədən qavrayır, müəllimin mövqeyini düzgün qəbul edir, iradəli, məsuliyyətli böyüyürlər. Ona görə də müasir şəraitdə beşyaşlıların məktəbə hazırlanması ən vacib vəzifələrdən biridir. Bunları nəzərə alaraq bir tərbiyəçi- pedaqoq kimi uşaqların məktəbə daha yaxşı hazır olmaları və uyğunlaşmaları üçün onlarda idrak proseslərinin inkişafına, fiziki, sosial, şəxsi, emosional-iradi, yaradıcı, əqli və nitq inkişafına diqqət yetiririk.
Müasir cəmiyyətin inkişafı məktəbəqədər sahənin, xüsusilə məktəbəhazırlıq qruplarının qarşısına mühüm tələblər qoyub. Bu tələblərə cavab vermək üçün muxtar respublikamızda, ilk növbədə, uşaqların hərtərəfli inkişafına, valideynlərin maarifləndirilməsinə, tərbiyəçi və digər pedaqoji kadrların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Səbuhi Hüseynov