23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb. Bunların içərisində fondun balansına fars dilində daxil edilən Rizaqulu xan Hidayətin 368 səhifəni əhatə edən “Riyazül Arifin” (hicri-qəməri 1305-ci il, Tehran), Müştəri Müstehidzadə Qarabağinin 278 səhifəlik ornamentli “Riyazül aşiqin” (hicri-şəmsi 1328-ci il, İstanbul), 248 səhifəlik Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” (1913-cü il, Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.
Tədqiqata cəlb edilən bu 3 təzkirədə (biblioqrafiyada) beş naxçıvanlı müəllifin həyat və yaradıcılığı haqqında bu günə qədər tədqiq edilməyən məlumatlar əldə olunub.
Fondun Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov təzkirələrin araşdırılmasını regionun orta əsrlər dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə edilə biləcək yeni mənbə kimi qiymətləndirir. Tədqiqatçının sözlərinə görə, bu mənbələr orta əsrlər dövrü elmi mühitini yaxından izləmək üçün əsaslı zəmin yaratması ilə yanaşı, o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və digər sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR