23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, universitetin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov və 2 nəfər fakültə əməkdaşı Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində olublar. Ərzurum Atatürk Universitetində ali məktəbin rektoru, professor Ömer Çomaklının iştirakı ilə görüş keçirilib.
Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömer Çomaklı qonaqları səmimi salamlayaraq qeyd edib ki, 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi, on minlərlə tələbənin təhsil aldığı Ərzurum Atatürk Universitetinin beynəlxalq əlaqələrində Azərbaycanın ali məktəblərinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin özünəməxsus yeri vardır. Əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında əməkdaşlıq uğurla davam etdirilir. Naxçıvan Dövlət Universiteti Türkiyə Cümhuriyyətinin 40-dan çox ali təhsil ocağı ilə əməkdaşlıq edir. Bunlar arasında 1992-ci ildən Ərzurum Atatürk Universiteti ilə yaradılan əlaqələr xüsusi yerə malikdir. Universitetlərarası əməkdaşlıq müqaviləsinə əsasən, bu gün elm və təhsilin inkişafı istiqamətində müştərək əhəmiyyətli addımlar atılmaqdadır. Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin və Baytarlıq təbabəti ixtisasının tələbələri müxtəlif vaxtlarda Ərzurum Atatürk Universitetində təcrübədə olublar, müştərək konfranslar keçirilib.

İki universitet arasında beş­illik əməkdaşlıq memorandumu imzalanıb. Elm, mədəniyyət və sosial sahədə birgə fəaliyyəti və ortaq fikri inkişaf etdirmək məqsədi daşıyan memorandumda tələbə, akademik və idarə heyətinin mübadiləsini həyata keçirmək, müştərək elmi-tədqiqat layihələrini, simpozium, konfrans və digər elmi-sosial, mədəni tədbirləri gerçəkləşdirmək nəzərdə tutulub. Memorandumda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələrinin gələcəkdə Ərzurum Atatürk Universitetində təcrübə keçmələri ilə bağlı ayrıca maddə öz əksini tapıb.
Səfər zamanı Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsi, əczaçılıq, stomatologiya və digər tibb profilli fakültələrdəki tədris prosesi ilə tanışlıq olub, 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şərait, burada aparılan müasir tibbi-­diaqnostik müayinə və əməliyyatlar, fəaliyyət göstərən tibb mərkəzləri qonaqlarda maraq doğurub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR