Muxtar respublikada təhsil davamlı və müasir tələblər səviyyəsində inkişaf etdirilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müasir tədris şəraitinin yaradılması tədrisin keyfiyyətini yüksəltmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlar bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Bu sahədə həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilmiş, Gülüstan və Baş Dizə kənd tam orta məktəblərinin, Naxçıvan Dövlət Texniki Kollecinin yeni binaları istifadəyə verilmişdir. Bu dövrdə Hüseyn Cavidin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyi ilə ümumtəhsil məktəbləri arasında əlaqə yaradılmış və distant dərslər keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən ötən ay ümumtəhsil məktəblərində 182 saat nümunəvi dərs tədris olunmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 170 məktəbəhazırlıq qrupu yaradılmış, bu qruplarda 2861 uşağın iştirakı təmin edilmişdir. Bu dövrdə sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sahəsində görülən işlər də davam etdirilmiş, distant təhsilə cəlb olunmuş 24 sağlamlıq imkanları məhdud uşaq və gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbdə təhsil alan 8 uşaq dərs ləvazimatları ilə təmin olunmuşdur.
Ümumtəhsil məktəblərində dəqiq elmləri tədris edən müəllimlərin təkmilləşdirmə kurslarında iştirakı vacib məsələdir. Oktyabr ayında bu məsələ diqqətdə saxlanılmış, ümumtəhsil məktəblərində fizika fənnini tədris edən müəllimlərin iştirakı ilə Naxçıvan Dövlət Universitetində seminar keçirilmişdir.
Muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, ən müasir maddi-texniki bazaya malik peşə məktəbləri tikilərək istifadəyə verilir. Bu da peşə təhsilinə marağın artmasına səbəb olmuşdur. Oktyabr ayında Naxçıvan Peşə Liseyindən 37, Şərur Texniki Peşə və Sürücülük Məktəbindən 18, Ordubad Texniki Peşə və Sürücülük Məktəbindən 40 müdavim qazanxana maşinisti peşəsi üzrə, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbindən isə sürücülük kursu üzrə 92 müdavim təhsillərini başa vurmuşlar.
Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə bu tədris ilinin ilk sınaq-test imtahanı keçirilmişdir. 17-18 oktyabr tarixlərində isə basketbol, şahmat, yüngül atletika, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə məktəblilərin spartakiadası təşkil olunmuşdur. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə isə təhsil müəssisələrində şahmat üzrə rayon (şəhər) birincilikləri, şeir müsabiqələri, idman yarışları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ekstremal turizm yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. “Naxçıvanı tanıyaq” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri Gülüstan türbəsində ekskursiyada olmuşlar.
Naxçıvan Dövlət Televiziyası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində dərnəklərin fəaliyyəti ilə bağlı yayımlanan materialda qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi bundan sonra da dövlət proqramları və tapşırıqların icrasını diqqət mərkəzində saxlayacaqdır.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti