Bu il də muxtar respublikada məktəb tikintisi diqqət mərkəzində olub
Muxtar respublikamızda bütün sahələrin inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir. Bu tədbirlər paytaxt şəhərimiz Naxçıvandan tutmuş ən ucqar dağ və sərhəd kəndlərini əhatə edir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, belə tədbirlər başa vurmaqda olduğumuz 2016-cı ildə də davam etdirilib. Bu dövrdə 4598 şagird yerlik 13 tam orta məktəb, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi, Naxçıvan Dövlət Texniki Kolleci üçün bina tikilib, təmir olunub və ya əsaslı şəkildə yenidən qurulub. Hazırda Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur şəhər 2 nömrəli, həmin rayonun Çəmənli, Şahbuz rayonunun Kolanı kənd tam orta məktəbləri və Naxçıvan Şəhər Peşə Liseyi üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Yaxşı cəhət kimi onu da qeyd edək ki, tikilən və ya əsaslı şəkildə yenidən qurulan bütün təhsil müəssisələri ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunur. Bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində 600-dən yuxarı elektron lövhədən və 3897 dəst kompüterdən istifadə edilir ki, onlardan da 411 kompüter və 40 elektron lövhə 2016-cı ildə istifadəyə verilib.
Bir neçə ildir ki, ölkəmizdə məktəblilərə pulsuz dərsliklər verilir. Muxtar respublikanın məktəbliləri bu qayğıdan 2016-cı ildə də bəhrələniblər. Belə ki, cari ilin avqust-sentyabr aylarında ümumtəhsil məktəblərinə 202 min 468 nüsxə, eyni zamanda məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların pulsuz dərsliklərlə təminatı məqsədilə 11 min 754 nüsxə dərslik verilib.
Məlumatda o da bildirilir ki, 2015-2016-cı tədris ilində tam orta təhsil bazası üzrə məktəbi bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medallara layiq görülüb. Həmin məzunlar göstərilən etimadı doğruldub, qəbul imtahanlarında onların 12-si 600-650, 15-i isə 650-700 arası bal toplayıb.
Bəhs olunan dövrdə XI sinfi bitirən 3138 məzundan 2469-u, yəni məzunların 78,7 faizi ali və orta ixtisas məktəblərinə sənəd təqdim edib. Qəbul imtahanlarında iştirak edən məzunlardan 1538-i, yəni sənəd verənlərin 60,3 faizi tələbə adını qazanıb. Abituriyentlərin 338-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb. Bu da ali məktəblərə qəbul olanların 22 faizini təşkil edir.
Bəhs olunan dövrdə 567 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Bunun da 315-i ümumi orta təhsil bazasından, 252-si isə tam orta təhsil bazasından olan məzunlardır. Məzunlardan 191-i xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verib, onlardan 63-ü müvafiq ixtisaslara qəbul olunub.
Muxtar respublikada hərbi təhsilə maraq ildən-ilə artır. Cari ildə Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199 nəfəri ölkəmizin müxtəlif ali hərbi məktəblərinə qəbul edilib.
Ümumilikdə, 2016-cı ildə məzunlardan 1475-i ali təhsil müəssisələrində, 262-si müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərdə, 252-si isə tam orta təhsil bazasından orta ixtisas məktəblərində oxumaq imkanı qazanıblar. Tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərində oxumaq hüququ qazanan məzunların sayı 1989 olub ki, bu da sənəd verənlərin 74,4 faizini təşkil edir.
Heydər Əliyev adına Hərbi Liseyə isə qəbul üçün sənəd vermiş 952 məzundan 152-si liseyin kursantı adını qazanıb. Bu təhsil müəssisəsinə qəbulda yüksək nəticələrə nail olmaq üçün ilk dəfə olaraq liseyə sənəd verəcək namizədlər müəyyənləşdirilib, onların liseylə tanışlıq ekskursiyaları, həmin namizədlər üçün dərsdən sonra əlavə məşğələlər təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti məqsədilə 171 qrupda 2835 nəfər 5 yaşlı şagirdin məktəbə cəlbi təmin olunub. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq, muxtar respublikanın 31 ümumtəhsil məktəbində X siniflər üzrə təmayülləşmiş pilot siniflər yaradılıb.
Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə test-sınaq imtahanlarının keçirilməsi bu il də diqqət mərkəzində saxlanılıb. Əvvəlki illərdən fərqli olaraq, bu il ilk dəfə olaraq ümumtəhsil məktəblərinin IV sinifləri də bu imtahanlara cəlb ediliblər.
Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeylərlə 200-dən çox məktəbin virtual əlaqəsi yaradılıb. Bu ilin noyabr ayında ilk dəfə olaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçilən açıq dərs ümumtəhsil məktəbləri tərəfindən interaktiv olaraq izlənilib. Dekabr ayı ərzində Təhsil Nazirliyi və AMEA-nın Naxçıvan Bölməsi arasında yaradılan əməkdaşlıq əsasında ayda 1 dəfə olmaqla, interaktiv dərslərin keçilməsi layihəsi hazırlanıb.
Ümumtəhsil məktəblərində xarici dil və fiziki tərbiyə dərslərinin tədrisi vəziyyətinin yüksəldilməsi, şagirdlərin vətənpərvərlik tərbiyəsinə diqqətin artırılması məqsədilə hər iki fənni tədris edən müəllimlərin, hərbi rəhbərlərin və məktəb kitabxanaçılarının iştirakı ilə konfranslar keçirilib, görüləcək işlərin istiqamətləri müəyyənləşdirilib və lazımi köməkliklər edilib. Bununla yanaşı, ilk dəfə olaraq “Ən yaxşı fiziki tərbiyə müəllimi” müsabiqəsi elan olunub. Kitabxanalara oxucu cəlbinin və şagirdlərin bu sahəyə marağının artırılması məqsədilə bütün ümumtəhsil məktəblərində kitab sərgiləri təşkil edilib.
Muxtar respublikada son illər peşə təhsilinin inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirilir. Muxtar respublikanın emal, istehsal və xidmət sahələrində ehtiyac duyulan peşələrin öyrədilməsi diqqət mərkəzində saxlanılır. “Peşə təhsili müəssisələrində peşə ixtisaslarının siyahısı və tədris planlarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli Qərarı ilə 52 ixtisas seçilib. Haliyədə peşə təhsili müəssisələrində həmin ixtisaslardan 13-ü üzrə 726 müdavim təhsilini davam etdirir.
Həyata keçirilən tədbirlər 2017-ci ildə də davam etdiriləcək, təhsil sahəsində qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcəkdir.
Muxtar Məmmədov