23 Dekabr 2024, Bazar ertəsi

Batabat Astrofizika Rəsədxanası Naxçıvanın ən səfalı guşələrindən sayılan Batabatda yerləşir. Rəsədxananın burada yaradılması təsadüfi deyildir. Təmiz hava, aydın göy üzü imkan verir ki, tədqiqatçılar bu məkanda daha yaxşı müşahidələr aparsınlar. Bəs astrofizika nədir? Gəlin elə buradan başlayaq!
Astrofizika ümumi astronomiya elminin bir sahəsi olaraq həm ayrı-ayrı göy cisimlərinin, həm də bütövlükdə bütün kainatın strukturunu, mənşəyini və təkamülünü öyrənir. Bu araşdırmalar üçün əsas məlumat qaynağı göy cisimlərindən yayılan elektromaqnit dalğalarıdır. Həmin dalğaları təsbit edən alətlər vasitəsilə toplanan məlumatlar fizika və kimya elmlərində əldə olunan nəticələrlə müqayisə edilərək dəyərləndirilir. Astrofizikanın başlıca araşdırma üsulu göy cisimlərindən gələn şüaları incələməkdir. Bu məqsədlə şüaların sıxlıq və dəyişmələri müəyyən edilir. Astronomiya üzərində yaşadığımız planetdən tutmuş kainatın ən uzaq nöqtələrinə qədər bütün mümkün məlumatların toplandığı, sistemləşdirilərək şərh olunduğu bir elm sahəsidir. Astronomiya tarixən, əsasən, səma cisimlərinin passiv müşahidəsi ilə məşğul olub. XIX əsrin ikinci yarısından etibarən astrofizikanın inkişafı kainatın və onun müxtəlif tərkib hissələrinin yaranması, təkamülü və digər məsələləri barədə fundamental elmi nəzəriyyələrin yaranmasına səbəb olub.

Batabat Astrofizika Rəsədxanasının yaranması, aparılan tədqiqatlar və onların nəticələri, gələcək inkişafı haqqında suallarımızı rəsədxananın direktoru Qulu Həziyev cavablandırır:
– Qulu müəllim, Naxçıvanda Batabat Astrofizika Rəsədxanası kimi göy cisimlərini öyrənən bir elmi mərkəzin yaradılmasında hansı amillər rol oynayıb?
– Batabat Astrofizika Rəsədxanası təşkil olunmazdan əvvəl Naxçıvan Muxtar Respublikası ərazisində 2 astronomik rəsədxana fəaliyyət göstərib. Bunlardan biri Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi, digəri isə Sankt-Peterburq şəhərində yerləşən Pulkovo Rəsədxanasının Ordubad rayonunun Ağdərə ərazisindəki astronomik stansiyası idi. Bu rəsədxanaların hər ikisi keçən əsrin 70-ci illərinin ortalarından fəaliyyətə başlamışdı. Hər iki rəsədxana üçün Naxçıvan ərazisinin seçilməsi təsadüfi deyildi. Naxçıvan Muxtar Respublikasında astronomik müşahidələr üçün ideal təbii-iqlim şəraitinin mövcudluğu və bölgənin coğrafi koordinatları burada unikal astronomik müşahidələrin aparılmasına imkan yaradır. Hər iki rəsədxanada 15 ildən artıq bir dövrdə aparılan müşahidələr və tədqiqat işləri bunu bir daha təsdiq edib. 1992-ci ildə Ağdərə stansiyası Şamaxı Astrofizika Rəsədxanasına birləşdirildi. Çox təəssüf ki, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində baş verən məlum hadisələrdən sonra faktiki olaraq hər iki rəsədxanada astronomik müşahidələr dayandırıldı. Ümummilli liderimiz Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə hər iki rəsədxanaya yeni həyat verildi. Batabat Astrofizika Rəsədxanası təşkil olunarkən həm Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsinin, həm də Ağdərə stansiyasının maddi-texniki bazasından və kadr potensialından istifadə olunub.
– Rəsədxanada hansı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır və nə kimi nəticələr əldə edilib?
– Batabat Astrofizika Rəsədxanası təşkil olunarkən elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsində həm astronomiyanın müasir prioritetlərinin, həm də rəsədxananın kadr potensialı və mövcud maddi-texniki bazasının müəyyən təsiri olub. Keçən dövr ərzində, əsasən, Günəş sistemi cisimlərinin tədqiqi həyata keçirilib. Alınan nəticələr əsasında 4 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub, Türkiyədə, İranda, ABŞ-da, Braziliyada, Çində və Rusiyada keçirilmiş elmi konfranslarda çıxışlar edilib. Bu gün astronomiyanın ən aktual problemlərindən biri də “Asteroid-komet təhlükəsizliyi” məsələsidir. Bu problemin mahiyyəti Yer kürəsi ilə mümkün toqquşma təhlükəsi ola biləcək komet və asteroidlərin daimi monitorinqinin aparılması və toqquşma ehtimalının müəyyənləşdirilməsidir. Bu mənada, rəsədxanada komet və asteroidlərin tədqiqi xüsusi yer tutur. Aparılan tədqiqatlar nəticəsində komet fizikası sahəsində əhəmiyyətli nəticələr əldə edilib.
– Qulu müəllim, bildiyimizə görə, yaxın vaxtlarda Batabat Astrofizika Rəsədxanası ilə Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu haqda nə deyə bilərsiniz?
– Sizin bu sualınız mənə 1980-ci ili xatırlatdı. O vaxt mən artıq universitet təhsilimi başa vuraraq Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsində çalışırdım. Həmin ilin may ayında ümummilli liderimiz Naxçıvana səfəri çərçivəsində Batabat bölməsində də oldu və bölmənin kiçik kollektivi ilə səmimi bir söhbət apardı. Söhbət əsnasında bölmədə olan həm akademiyanın prezidentinə, həm də Şamaxı Astrofizika Rəsədxanasının direktoruna Batabat bölməsinin inkişaf etdirilərək mükəmməl bir rəsədxanaya çevrilməsi haqqında tapşırıqlar verildi. Bu tapşırıq yerinə yetirildi. Keçən əsrin 80-ci illərinin sonunda Batabat bölməsi, demək olar ki, mükəmməl bir rəsədxana kimi formalaşmışdı. Aydın məsələdir ki, həmin dövrdə Batabat bölməsinin bütün fəaliyyəti Şamaxı Astrofizika Rəsədxanası ilə sıx bağlı idi.
Batabat Astrofizika Rəsədxanasının fəaliyyəti dövründə Şamaxı Astrofizika Rəsədxanası ilə sıx əlaqələrimiz olub. Xüsusən elmi kadrların yetişdirilməsində Şamaxıdakı rəsədxananın əvəzedilməz rolu vardır. Artıq hər iki rəsədxananın çox sıx əməkdaşlıq şəraitində fəaliyyəti zərurətə çevrilib. Bunu şərtləndirən əsas amil Azərbaycan Respublikasında, xüsusən onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızda elmə göstərilən dövlət qayğısı və hərtərəfli iqtisadi inkişafdır. Bu gün həm Batabat Astrofizika Rəsədxanası, həm də Şamaxı Astrofizika Rəsədxanası müasir tələblərə cavab verən astronomik cihazlarla təmin olunub və zəruri infrastruktur yaradılıb. Bu, imkan verir ki, hər iki rəsədxana müşahidələrin aparılmasında, birgə elmi işlərin yerinə yetirilməsində, elmi istiqamətlərin uzlaşdırılmasında, müxtəlif səviyyəli elmi tədbirlərin təşkili və keçirilməsində qarşılıqlı ezamiyyətlər vasitəsi ilə elmi-texniki kadrlardan birgə istifadə etsin və digər sahələrdə yaxından və əlaqəli surətdə fəaliyyət göstərsin.
– Konkret olaraq 2016-cı ildə və yaxın gələcəkdə Batabat Astrofizika Rəsədxanasından hansı yenilikləri gözləmək olar?
– 2016-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planı tərtib edilib və planda nəzərdə tutulan tədqiqatlar uğurla yerinə yetirilir. Bu ilə qədər rəsədxanada ancaq Günəş sisteminə aid olan səma cisimləri tədqiq olunub. 2016-cı ildən başlayaraq həm də parlaq ulduzların foto-spektrometrik tədqiqatlarının aparılması nəzərdə tutulub. 2016-cı ilin birinci yarımilinin nəticələrinə əsasən deyə bilərik ki, bu il üçün nəzərdə tutulmuş tədqiqat işləri uğurla yerinə yetiriləcəkdir.
– Maraqlı müsahibə üçün sağ olun.

Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR