“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun”.
Bu fikirlər tarixboyu müxtəlif maraqlar üzündən torpaqlarına göz dikilən, bəzi dövrlərdə ədalətsiz qərar və müharibələrin hədəfinə çevrilən, buna görə də torpaqlarının bir qismi yadelli hücumlar nəticəsində işğal olunan Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətə – ümummilli lider Heydər Əliyevə məxsusdur. Bütün ömrünü Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna, xalqının xoşbəxtliyinə həsr etmiş ulu öndərin misilsiz xidmətləri sırasında ordu quruculuğu öncül, eyni zamanda xüsusi yer tutur. Müasir dövrdə Azərbaycanda istənilən sahəni təhlil etsək, həmin sahənin inkişafının təməlində məhz dahi şəxsiyyətin rolunu görməmək mümkün deyil. Ordu quruculuğu sahəsində də qazandıqlarımıza görə yalnız Ona borcluyuq.
Ötən əsrin sonlarında ölkədə yaranmış xaosdan istifadə edənlər torpaqlarımızın bir hissəsini işğal etdilər və işğal indi də davam edir, ancaq bu fakt ordumuzun gücünü, onun döyüş potensialını arxa plana keçirmir. Əksinə, Silahlı Qüvvələrimizin döyüş hazırlığı indi hər kəs, elə işğalçı qüvvələr tərəfindən də etiraf edilir. Təbii ki, müstəqil Azərbaycanın qoruyucusu olan Silahlı Qüvvələrimiz bu gücü asanlıqla qazanmayıb, bunun üçün onilliklər sərf olunub. Azərbaycanda ordu quruculuğu prosesinə hələ Sovetlər Birliyi dövründə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən başlanılıb və böyük çətinliklər hesabına 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılıb. 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilməsi bu prosesi daha da gücləndirib. Məhz həmin dövrdə yetişdirilən milli hərbçi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra ordu quruculuğunda mühüm rol oynayıblar.
Hamımıza məlumdur ki, ordu quruculuğunda ən mühüm vəzifələrdən biri ixtisaslı hərbçi kadrların yetişdirilməsidir. Bu baxımdan Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması böyük uzaqgörənliyin nəticəsidir. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb. 1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq deyib: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları – Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”. Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövr ərzində böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Bu təhsil ocağında ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, liseyin maddi-texniki bazası xeyli gücləndirilib.
Azərbaycanın müstəqilliyinin keşiyində duracaq kursantlarla görüşə gedərkən ulu öndərin adını daşıyan bu məktəblə bir daha yaxından tanış olmaq imkanımız oldu. Qeyd edək ki, Heydər Əliyev adına Hərbi Lisey bu gün muxtar respublikada nümunəvi təhsil müəssisələrindəndir. Liseydə kursantların hərbi biliklərə yiyələnməsi üçün hər cür şərait yaradılıb. Buradakı tədris və yataqxana korpusları ən müasir avadanlıqlarla təchiz olunub. Yataqxana binasında müasir məişət şəraiti ilə yanaşı, kursantların asudə vaxtlarının səmərəli təşkili də təmin edilib. Bundan əlavə, liseydə kursantların sağlamlığı və fiziki hazırlığı da diqqət mərkəzində saxlanılır. Müasir avadanlıqlarla təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası, açıq və qapalı idman qurğuları kursantların istifadəsindədir. Maddi-texniki bazanın təkmilləşdirilməsi ötən müddətdə tədrisin keyfiyyətini yüksəldib. Belə ki, liseydə müasir fənn kabinələri, kompüter və linqafon otaqları, elektron lövhəli siniflər, elmi, bədii, hərbi və tarixi ədəbiyyatlarla zənginləşdirilmiş kitabxana tədrisin yüksək səviyyədə aparılmasına imkan verir. Bunun nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin uğurları ildən-ilə yüksəlir, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı artır. Təsadüfi deyil ki, hərbi lisey təhsil sahəsindəki nailiyyətlərinə görə 2008-2009-cu tədris ilində ölkəmizdə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbdə olarkən öyrəndik ki, bu il hərbi liseyin məzunlarından 199 nəfər müxtəlif ali hərbi məktəblərə qəbul olunub, o cümlədən 8 nəfər ali hərbi təhsil almaq üçün Rusiya Federasiyasına göndərilib. 2016-2017-ci tədris ilində hərbi liseyə qəbul üçün 987 nəfər sənəd verib ki, onlardan 671 nəfəri imtahana buraxılıb, 152 nəfər isə kursant adını qazanıb. Diqqətçəkən məqamlardan biri də odur ki, son illərdə Heydər Əliyev adına Hərbi Liseyə müraciət edənlər içərisində ölkəmizin digər bölgələrindən olanların sayı artır. Öyrəndik ki, 2014-cü ildə liseydə təhsil alan belə kursantların sayı 14 nəfər təşkil edirdisə, 2015-ci ildə 34, 2016-cı ildə isə 61 nəfər olub. Liseydə olarkən burada təhsil alan kursantlarla da görüşüb söhbət etdik. Masallı rayonundakı Təzəkənddən olan Əli Əliyev liseyə yeni qəbul olan kursantlardandır. Deyir ki, zabit olmaq onun böyük arzusu olub. Bura qəbul olunanadək Heydər Əliyev adına Hərbi Lisey haqqında məlumatlı olub. Vaxtilə buranı bitirmiş və hazırda ali hərbi məktəblərdə təhsil alan yaxınlarının məsləhəti onu burada təhsil almağa istiqamətləndirib. Burada kursantlar üçün yaradılmış şəraitdən, tədrisin keyfiyyətindən, müəllim və zabitlərin onlara qayğısından çox razıdır.
Qazax rayonundan Ayaz Osmanov da kursant yoldaşının fikirləri ilə razıdır:
– Ulu öndərimizin adını daşıyan liseydə təhsil almaq mənim üçün qürurvericidir. Bu hərbi lisey haqqında çox eşitmişdik. İndi isə eşitdiklərimizi özümüz görürük. Liseydə bizim üçün çox gözəl şərait yaradılıb. Müəllimlərimiz və komandirlərimiz bizə böyük qayğı göstərirlər. Çalışırıq ki, bu məsuliyyətli və şərəfli peşənin bütün incəliklərini dərindən öyrənək. Buna görə də daha çox oxumalı, daha çox öyrənməliyik.
Hərbi liseyin II kursunda oxuyan Novruz Qasımov, III kursun kursantı Eldəniz Nağıyev və digərləri də bizimlə söhbətlərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu təhsil ocağında oxuduqları ilə fəxr etdiklərini, müstəqil Azərbaycanın qoruyucusu kimi yetişdikləri üçün qürur hissi keçirdiklərini söylədilər.
Bəli, Heydər Əliyev adına Hərbi Lisey artıq 12 ildir ki, nümunəvi təhsil müəssisəsi kimi Milli Ordumuzun savadlı, bacarıqlı, vətənpərvər zabitlərlə təmin olunması yolunda uğurla fəaliyyət göstərir. Liseyin məzunları Silahlı Qüvvələrimizin müxtəlif hərbi birləşmələrində layiqincə xidmət edir, müstəqilliyi bu Vətənə yenidən qazandırmış ümummilli liderimiz Heydər Əliyevin adını daim uca tutmağa çalışırlar.
Səbuhi Həsənov