Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu tərəfindən “Məktəb psixoloqunun fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Məktəb psixoloqlarının iştirak etdiyi konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovun “Məktəb psixoloqunun fəaliyyəti və qarşıda duran vəzifələr”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin “Məktəb psixoloqu və müasir tələblər”, həmin ali təhsil ocağının müəllimi Nüşabə Məmmədovanın “Məktəb psixoloqunun konsultasiyası”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodiki kabinetinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyevanın “Məktəbdə psixoloji xidmətin əsas məzmunu, vəzifələri və sahələri”, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Limu Məmmədovanın “Məktəb psixoloqu necə işləməlidir?” mövzularında çıxışları olub.
Konfransda qeyd edilib ki, son illərdə muxtar respublikamızda ümumtəhsil məktəblərinin psixoloq kadrları ilə təmin olunması daim diqqətdə saxlanılıb, əksər ümumtəhsil məktəbləri ali təhsilli psixoloqlarla təmin edilib. Belə ixtisaslı kadrlar olmayan təhsil müəssisələrində isə təcrübəli müəllimlər Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilmiş praktik-psixoloq kursları keçərək həmin vəzifələrə təyin olunublar. Bütün ümumtəhsil məktəblərimizdə psixoloji xidmətin təşkili, psixoloqların fəaliyyəti və əməyinin elmi şəkildə təşkili üçün psixoloji kabinet yaradılıb. Eyni zamanda məktəblərimizin əksəriyyətində psixoloji xidmətin əsas istiqamətlərini əks etdirən stend (guşə), psixoloji metodikalar dəsti, psixoloji ədəbiyyatlar və elektron daşıyıcılar mövcuddur.
Bildirilib ki, bu gün ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqların üzərinə mühüm vəzifələr düşür. Məktəblilərin psixoloji durumunu izləmək, onları psixoloji olaraq imtahanlara hazırlamaq birbaşa məktəb psixoloqlarının vəzifəsidir. Psixoloqlar şagirdlərin dərsdə və şəxsi həyatda yaşadıqları uğursuzluq zamanı depressiyaya düşməməsi üçün məktəblilər arasında psixoloji iş aparmalıdırlar. İnternetin, sosial şəbəkələrin uşaqların həyatına sürətlə inteqrasiyası isə məktəb psixoloqlarının məsuliyyətini bir qədər də artırıb. Məktəbdə psixoloq kimi çalışmaq məsuliyyət tələb edən bir işdir. Həmin psixoloqun ayrıca jurnalı olmalı, burada onun hər bir uşaqla bağlı qeydləri öz əksini tapmalıdır. Elə məktəblər var ki, orada psixoloq yerindədir, amma psixoloji xidmət aşağı səviyyədədir. Məktəb psixoloqları çalışmalıdırlar ki, məktəblərdə müəllim-şagird, müəllim-valideyn, valideyn-uşaq arasında konfliktlər yaranmasın. Məktəb psixoloqu uşaqlarla vaxtaşırı söhbət aparmalı, valideynlərlə görüşməli, uşağın evdə yaşadığı problemdən də xəbərdar olmalıdır.
Vurğulanıb ki, bu gün məktəb psixoloqları yaş qrupları üzrə psixoloji iş aparmağı bacarmalı, psixoloji xidmət uşaqlar üçün bir cür, yeniyetmələr üçün başqa formada aparılmalıdır. Çünki onların problemləri yaşlarına görə müxtəlifdir. Onların yaş qrupuna görə metodik göstərişlər var. Davranış pozuntusu olan uşaq sinifdə atmosferi poza bilər. Ona görə də psixoloq həmin uşaqda psixoloji durumu öyrənməli, lazımdırsa valideynlə görüşməlidir. Psixoloqların bilikləri, uşaqlarla işləmək bacarığı lazımi səviyyədə olmalıdır.
Konfransın sonunda məktəb psixoloqlarına elektron və yazılı formada yaddaş kitabçaları və iş planları paylanılıb.
Səbuhi Hüseynov