Naxçıvan Dövlət Texniki Kollecini bitirən məzunlara diplomların təqdimat mərasimi keçirilib.
Diplomlar təqdim edilməzdən əvvəl Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Seymur Xudanov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, kollecin ixtisaslı kadrlar yetişdirməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının böyük rolu var. Həmin sərəncama əsasən, kollecin tələbələri nəzəri biliklərini müəyyən müəssisələrdə təcrübədə sınayıblar ki, bu da onlarda qazandıqları biliyin əyani şəkildə möhkəmlənməsinə gətirib çıxarıb.
2016- cı ildə Naxçıvan Dövlət Texniki Kollecindən 6 ixtisas üzrə, ümumilikdə, 98 məzun olub. Onlardan 12 nəfəri kolleci fərqlənmə diplomu ilə başa vurub.
Məzunlardan Sərxan Həsənli bildirib ki, kolleci bu il başa vurmağına baxmayaraq, artıq Ordubad şəhərindəki Texniki Peşə və Sürücülük Məktəbində işləyir. Eyni zamanda builki qəbul imtahanında topladığı balla Gəncə Aqrar Universitetinin Mühasibatlıq ixtisasına qəbul olunub.
Mühasibat uçotu ixtisasından məzun olan Günel İsmayılova kollecin müəllimlərinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Yol hərəkətinin təşkili və Nəqliyyat vasitələrinin texniki istismarı ixtisaslarının məzunlarına diplomla birgə sürücülük şəhadətnamələri də təqdim olunub.
Fatma Babayeva