23 Dekabr 2024, Bazar ertəsi

Yəqin ki, bir çoxlarınız öz bağınızda və ya həyətyanı sahənizdə ağac əkmisiniz. Bu ağaca cidd-cəhdlə, diqqətlə qulluq edib, boya-başa çatmasını gözləmisiniz, ilk dəfə tumurcuqlayıb çiçək açanda balaca uşaq kimi sevinib, şadlanmısınız. Ona görə sevinmisiniz ki, əməyiniz boşa getməyib, zəhmətiniz öz bəhrəsini verib. İllər sonra, ağac yaxşı bar verən zaman öz yaxınlarınıza fəxrlə bu ağacı göstərib demisiniz ki, onu siz əkib-becərmisiniz. Hələ neçə-neçə nəsillər bu ağacın verdiyi məhsuldan bəhrələnə bilər. Yaxşı müəllim də yaxşı bağban kimidir. Balaca fidanı böyüdür, minbir zəhmət çəkir, ona biliklərdən mənəvi qida verir, vaxt yetişəndə isə şagirdinin bilikli, qabiliyyətli olduğunu görüb fərəhlənir, qol-qanad açır. Ordubad rayonunun Kotam kəndində pedaqoji fəaliyyətlə məşğul olan Cabir İsmayılovu da bu baxımdan işinin ustası, yaxşı pedaqoq, şagirdlərinin uğurları ilə fərəhlənən zəhmətkeş insan adlandırsaq, heç də mübaliğəyə yol vermiş olmarıq.

Ömrünün 42 ilini pedaqoji fəaliyyətə həsr etmiş Cabir müəllimlə görüşdüyüm ilk dəqiqələrdən məndə bu gülərüz, mülayim təbiətli, səmimi insanı yaxından tanımaq, saçını müqəddəs bir işdə ağartmış, neçə-neçə vətən övladına coğrafiya fənninin sirlərini öyrətmiş yurddaşımızla həmsöhbət olmaq həvəsi oyandı.

Cabir müəllim 1953-cü ildə Ordubad şəhərində anadan olub. 1970-ci ildə Ordubad şəhər 1 nömrəli orta məktəbini bitirib. Elə müəllimlik peşəsinə həvəs də məktəb illərindən başlayıb. Dediyinə görə, ona qayğı göstərən, onun bütün çətinlikləri ilə maraqlanan, çətinə düşəndə hər zaman yanında olan müəllimləri olub. O isə həmin müəllimləri bu gün də unutmur, onların əziz xatirəsini yad edir, ənənələrini davam etdirir, məktəb illərində ona necə münasibət göstəriblərsə, eyni münasibəti şagirdlərinə göstərir.
Şagirdlərdən söz düşmüşkən, onu da deyim ki, Kotam kənd tam orta məktəbinin direktoru Anar Həsənli də Cabir müəllimin şagirdi olub. Biz onunla söhbət edərkən arada onun öz müəllimi yanında davranışları da diqqətimdən yayınmır. Ona diqqətlə qulaq asır, öz müəllimiylə, onun şagirdi olması ilə qürur duyur.
Söhbət əsnasında Cabir müəllim fəxrlə öz keçmiş şagirdinə baxıb deyir ki, dərs dediyim şagirdlər arasında cəmiyyətdə yüksək mövqeyə, yaxşı biliyə, insanlar arasında nüfuza sahib olanlar onlarladır. Onlar nəinki muxtar respublikada, eləcə də ölkəmizin digər regionlarında müxtəlif sahələrdə çalışır, öz müəllimlərinin başını uca edən, ona qürur və fəxarət gətirən nailiyyətlər qazanırlar.
Onun dediklərindən: 1974-cü ildə Unus kənd tam orta məktəbinə coğrafiya müəllimi kimi təyinat alanda mən yalnız əlinə yeni diplom almış təcrübəsiz, müəllimlik peşəsinin sirlərinə nabələd bir gənc idim. Ancaq bu peşəyə böyük həvəsim var idi. Hər gün sübh tezdən Ordubad şəhərindən Unus kəndinə gedər, o kəndin məktəbində uşaqlara coğrafiya fənninin sirlərini öyrədər, yorğun olsam da, böyük sevinclə geri qayıdardım. Ona görə sevinirdim ki, Tanrı müəllimlik kimi böyük zirvəni fəth etməyə başlamağa mənə izin verdi, mənim də şagirdlərim var. Onlara dərs deyir, müəllimlərimin mənə öyrətdiklərini onlara aşılaya bilirəm. Bir də ona görə sevinirdim ki, mən həm öyrədən, həm də öyrənənəm. Yəni özüm öyrətməklə bərabər, həm də öyrənirəm.
“Bu günün müəllimi necə olmalıdır?” sualının cavabında Cabir müəllim özünəməxsus şəkildə belə deyir: müəllim, hər şeydən əvvəl, özü olmalıdır. Hər bir şagirdinin qayğısı, problemləri, mənəvi dünyası ilə maraqlanmalı, yaxşı oxumayan, dərslərindən geri qalan şagirdinin gələcəyindən narahatlıq keçirən, həmin şagirdin üstündə yarpaq kimi əsən adam olmalıdır. Tez qavrayan şagirdi öyrətmək elə bir güclü bacarıq tələb etmir. Əsas odur ki, geridə qalanları ön sıralara çıxara biləsən. Əsl müəllim şagirdinə gələcək həyat yolunda qarşılaşacağı çətinlikləri, maneələrdən necə qurtulmağı göstərən adamdır. Əsl müəllim özü şam kimi yanıb bitsə belə, nurunu, əməyini, alın tərini, aylarını, illərini şagirdlərindən əsirgəməyən peşə sahibidir. Şagirdlərin gözü tərəzidir. Yaxşını-pisi tez seçir. Ona görə də müəllim evdə də müəllim olmalıdır, yolda da, el içində də, dərsdə də. Müəllim bilikli, yenilikçi, daim öyrənən, dövrlə ayaqlaşan adam olmalıdır.
Cabir İsmayılov onu da dedi ki, bu müqəddəs peşəni seçməyimə heç də peşman deyiləm. Müəllim işlədiyim illər ərzində – hər dəfə sinfə girib şagirdlərimin mənə zillənən baxışlarını gördükdə bu peşənin şərəfini, məsuliyyətini daha çox dərk etmişəm. Unutmamışam ki, yetişdirdiyim hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Müəllimlik çətin peşədir. Amma bir şagirdin qazandığı uğur çəkilən bütün əziyyətləri bir anda silir, yerini xoş bir məmnunluq, sevinc hissi tutur. Mən də çalışmışam ki, tədris etdiyim fənnin elmini yaxşı bilim, həvəslə onun inkişaf üfüqlərini – yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyim.
Cabir müəllim deyir ki, yaxşı müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalı, hər gün mütaliə etməli, dünyada baş verən yeniliklərdən agah olmalı və bundan nəticə çıxarmalı, şagirdləri tənbeh edərkən də, tərifləyərkən də əndazəni aşmamalıdır. Bir məsələni də yaddan çıxarmaq olmaz ki, əgər müəllim dərsdə özünü bir cür, dərsdən sonra başqa cür aparırsa, şagirdin də ona inamı azalar. Ona görə də müəllim hər yerdə özünü müəllim kimi, əsl öyrədən kimi aparmalıdır.
Qeyd edim ki, o, tətil günlərində məktəbliləri tez-tez başına toplayıb yaxınlıqdakı dağlara, çaylara, çəmənlərə üz tutur, uşaqların yaşadıqları ərazinin coğrafiyasını, təbiətini, nadir bitkilərini onlara öyrədir.
Araz nəfəsli kənddə – Kotamda Cabir müəllimlə söhbətim tətil günlərində, məktəbliləri doğma yerlərə ekskursiyaya apararkən baş tutdu.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR