Ümumtəhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydalarına uyğun olaraq, Heydər Əliyev adına tam orta məktəbdə 2015-2016-cı tədris ilində Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərini yüksək nəticələrlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək builki məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Bildirilib ki, 2015-2016-cı tədris ilində muxtar respublika ümumtəhsil məktəblərini ümumi orta təhsil bazası üzrə 3624, Heydər Əliyev adına Hərbi Liseyin IX sinfini isə 159 olmaqla, 3783 məzun bitirib, onlardan da 147 nəfəri fərqlənmə şəhadətnaməsinə layiq görülüb. Muxtar respublika ümumtəhsil məktəbləri üzrə 3143 və Heydər Əliyev adına Hərbi Lisey üzrə 205 olmaqla, ümumilikdə, 3348 məzuna attestatlar verilib ki, onların da 14 nəfəri qızıl, 13 nəfəri isə gümüş medallara layiq görülüblər.
Medala layiq görülənlərdən Nərmin Ağayeva, Səma Qurbanova, Toğrul Əliyev, Hüseyn Kazımov, Təbriz Məmmədli, Əli Hüseynquliyev, Ramiz Məmmədli və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi şagirdlərin daha yaxşı oxumalarına şərait yaradır. Muxtar respublikada təhsil sahəsinin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər gənclərin parlaq gələcəyindən xəbər verir. Məzunlar göstərilən qayğıya görə minnətdarlıq ediblər, savadlı, vətənpərvər gənclər kimi yetişəcəklərinə və göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Həmin gün muxtar respublikanın bütün şəhər və rayonlarında 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərini bitirən məzunlara attestat və şəhadətnamələr təqdim olunub.
Fatma Babayeva