Bu il yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə bağlı yazılar hazırlamağı davam etdiririk. Yüksək bal toplayan daha üç gənci oxuculara təqdim edirik.
Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır. Ordubad şəhər 1 nömrəli tam orta məktəb bu müqəddəs kəlamın sahibi Məhəmməd Tağı Sidqinin adını daşıyır. Azərbaycan elminə neçə-neçə alimlər, elm fədailəri bəxş etmiş bu məktəb ilbəil yetişdirdiyi məzunları, təzələnən uğurları ilə hələ də bu müqəddəs missiyanı uğurla davam etdirməkdədir.
2015-2016-cı tədris ilinin timsalında da bunu görmək olar. Belə ki, cari ildə Ordubad şəhər 1 nömrəli tam orta məktəbdən məzun olan 24 nəfərdən 18-i ali məktəbə qəbul üçün sənəd verib, onlardan 14 nəfəri tələbə adını qazanıb. Onlardan biri də Vüsal Hacızadədir. O, hələ ibtidai sinifdən öz fəallığı və yüksək dərəcəli qavrama bacarığı ilə müəllimlərinin rəğbətini qazanıb. Təhsil aldığı illər ərzində məktəbin ictimai işlərində də fəallıq göstərən Vüsal keçirilən bilik yarışlarında, olimpiadalarda bir çox uğurlara imza atıb. Sınaq-test imtahanlarında isə o, 600-700 intervalında bal toplamağa müvəffəq olub. 2014-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında keçirilən “Nuh yurdu” intellektual bilik yarışında Vüsalın kapitan kimi çıxış etdiyi komanda birinci yeri qazanıb. Komanda bu uğurla kifayətlənməyib, Qusar rayonunda keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında 4-cü Azərbaycan çempionatında 3-cü yerə çıxıb. 2015-ci ilin yanvar ayında Naxçıvan şəhərində keçirilən “Nuh yurdu” intellektual bilik yarışında Vüsalın kapitanlıq etdiyi komanda 1-ci dərəcəli diploma layiq görülüb.
Bu il ali məktəblərə qəbul imtahanında Vüsal Hacızadə 681 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat fakültəsinə qəbul olunub. O, öz sevincini belə ifadə edir:
– Bu gün tələbə adını qazanmaq heç də çətin deyil. Muxtar respublikamızda yaradılan şərait bunu deməyə imkan verir. Sadəcə, bu imkanlardan düzgün və səmərəli istifadə etmək lazımdır. Bütün abituriyentlər yüksək nəticə əldə edərək həm ailəsini, müəllimlərini sevindirmək, həm də istədikləri təhsil ocağında seçdikləri ixtisasda təhsil almaq haqqı qazanmaq istəyirlər. Mən də çox çalışaraq arzuma çatdım, ali məktəblərə qəbul imtahanlarında 600-700 arası bal toplamağa müvəffəq oldum. Bundan sonrakı hədəfim vətənə layiqli bir övlad kimi yetişmək, cəmiyyətdə layiqli yer tutmaqdır.
Vüsal təhsilə göstərilən qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirdi. Avqustun 22-də ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə Ali Məclis Sədrinin görüşünü heç bir zaman unutmayacağını bildirən Vüsal dedi:
– Həmin görüşdə Ali Məclisin Sədri bizə müraciətlə: – Gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməlisiniz. Dünyagörüşünüzü inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlisiniz. Bununla yanaşı həm də vətənpərvər olmalı, Vətən naminə çalışmalı, ümummilli liderimiz Heydər Əliyevin yoluna və ideyalarına sədaqət nümayiş etdirməlisiniz, – dedi. Biz gələcək həyat yollarımızda bu qiymətli tövsiyələrə uyğun hərəkət etməliyik.
Vüsal sonda bir daha qeyd etdi ki, bundan sonra da ona ümid bəsləyənləri təhsildə və həyatda qazanacağı uğurlarla sevindirəcək, ona olan etimadı doğruldacaq!
* * *
Sona Əliyeva: – Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbi bitirmişəm. Hələ orta məktəbdə oxuduğum illərdə arzum hüquqşünas olmaq, insanların hüquqlarını müdafiə etmək idi. Ona görə də ciddi çalışır, əlavə ədəbiyyatlar oxuyurdum. İndi budur, sevdiyim ixtisasda təhsil almaq arzum reallaşıb. Ali məktəblərə qəbul imtahanında 674 balla Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına daxil olmuşam. Bu uğurumda məktəbimizin müəllimlərinin böyük rolu olub. Buna görə onların hər birinə minnətdarlığımı bildirirəm. Orta təhsil aldığım məktəb bu gün muxtar respublikada nümunəvi təhsil ocaqlarından biridir. Burada şagirdlərin elmlərin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb.
Hüseyn Aşurlu: – Təhsilimə Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə başlasam da, 2014-cü ildən doğulduğum Axaməd kənd tam orta məktəbində təhsilimi davam etdirmişəm. Orta məktəbdə oxuduğum illərdə qarşıma məqsəd qoymuşdum ki, ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edim. Buna da nail oldum. Belə ki, ali məktəblərə qəbul imtahanında 659 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazandım. Bir abituriyent üçün bundan böyük sevinc ola bilməz. Məhz buna görə mən 2016-cı ili ən uğurlu ilim hesab edirəm. Məktəbimizdə şagirdlərin təhsili üçün yaxşı şərait yaradılıb. Muxtar respublikada ilbəil yüksək bal toplayan şagirdlərin sayının artması da məhz elə regionumuzda təhsilə yaradılan şəraitin, göstərilən qayğının nəticəsidir. Tələbə adını qazanmağım isə təkcə mənim yox, həmçinin valideynlərimin və müəllimlərimin uğurudur. Buna görə də mənə dəstək olan valideynlərimə, məzun olduğum məktəbin müəllimlərinə minnətdaram.
Fatma Babayeva